“Rusiya Federasiyası ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində vacib yer tutur”.

Bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib.

"Bizim Rusiya ilə dostluq münasibətlərimiz var. Bu, strateji tərəfdaşlıq münasibətləridir. Bu tərəfdaşlıq çoxillik dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənir. Tərəfdaşlığın inkişafında dövlət başçıları arasındakı müntəzəm təmaslar müəyyənedici rol oynayır.”, - deyə nazir əlavə edib.

O bildirib ki, bu səbəbdən həmkarı Sergey Lavrovun Rusiyaya rəsmi səfərlə bağlı dəvətini məmnuniyyətlə qəbul edib: “İlk görüşümüzün gündəliyində ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlərə dair bir sıra məsələlər yer alır. Bunlar siyasi, iqtisadi, humanitar, təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair məsələlərdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz hissəsində Ermənistanın təşkil etdiyi son hərbi təxribat kontekstində müzakirələrin aparılması mühüm yer tutur. Bu təxribatı Ermənistan tərəfinin regionda yeni bir gərginlik ocağı yaratmaq cəhdi kimi qiymətləndiririk. ATƏT-in Minsk Qrupu həmsədrlərindən, o cümlədən Rusiyadan da sülh prosesinin konstruktiv və substantiv danışıqlar yolu ilə irəliləməsi üçün ardıcıl addımlar gözləyirik".

Ceyhun Bayramov: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır”

Bu ilin iyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyət  qeyri-sabit olaraq qalır.

Bunu da TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

"Hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir", - deyə azərbaycanlı nazir vurğulayıb.

Azərbaycan XİN başçısı regionda təhlükəsizliyin təmin olunması və təxribatların qarşısının alınması üçün işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasının vacibliyini qeyd edib.

"Bu planda biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı status-kvonun saxlanılması siyasətindən imtina etməyə və substantiv danışıqlara başlamağa məcbur edəcək", - deyə nazir bildirib.

C. Bayramov bu danışıqların çərçivələrini BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları, xüsusi ilə də 1994-cü ilin Budapeşt sammitinin sənədlərinin təşkil etdiyini qeyd edib: “Bu sənəddə həmsədrlər qarşısında silahlı münaqişənin dayandırılması barədə razılığa gəlmək haqqında sazişin ən qısa müddətdə imzalanması kimi dəqiq tapşırıq qoyulub”.

Azərbaycan ÜST-ün qiymətləndirməsindən sonra COVID-a qarşı Rusiya peyvəndinin alınmasını nəzərdən keçirəcək

Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan peyvəndi almaq imkanını nəzərdən keçirməyə hazırdır.

Bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.

"Peyvənd almaqda maraqlı olduğumuzdan "Sputnik V" peyvəndinin ilk növbədə ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanan kimi bu sahədə rusiyalı həmkarlarımızın əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik", - deyə nazir bildirib.

XİN başçısı qeyd edib ki, Azərbaycan ÜST-ün üzvü kimi koronavirusla bağlı tövsiyə və müalicə metodlarına əməl edir.

.