“Azərbaycan Çexiya ilə əlaqələrə yüksək qiymət verir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, çexiyalı həmkarı ilə görüşdə ölkələr arasında münasibətlər, beynəlxalq platformada əməkdaşlıq və bu əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb.

C. Bayramov vurğulayıb ki, iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir.

XİN rəhbəri Azərbaycan və Çexiya arasında iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətinə də toxunub. Nazir əlavə edib ki, çex həmkarı ilə görüşdə İqtisadi əməkdaşlıq üzrə Komissiyanın fəaliyyətinin vacibliyi vurğulanıb.

“Azərbaycan enerji sahəsində Çexiyanın əsas tərəfdaşlarından biridir. Digər sahələrdə, o cümlədən İT, alternativ enerji, tranzit, turizm sahəsində əməkdaşlıq imkanları var. Ələt Azad İqtisadi Zonası çexiyalı nazirin diqqətini çəkib. İşğaldan azad olunmuş ərazilərin bərpası da ayrıca müzakirə olunub. Hesab edirik ki, bu sahədə əməkdaşlıq potensialı böyükdür. 2022-ci ildə Çexiya Avropa Şurasına sədrlik edəcək ki, bu da əlaqələrimiz üçün yeni imkanlar yaradacaq”, - deyə C. Bayramov qeyd edib.

.