Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georqiev arasında geniş tərkibdə görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

Müzakirələr zamanı nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar da daxil olmaqla bir sıra əsas istiqamətlər üzrə strateji tərəfdaşlığın gücləndirilməsinə diqqət yetiriblər.

Nazirlər həmçinin gələcək planları və iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialı araşdırıblar.

Bundan əlavə, Ceyhun Bayramov bolqarıstanlı həmkarına münaqişədən sonrakı regional vəziyyət, son hadisələr və hələ də davam edən çağırışlar, xüsusilə Ermənistanın Azərbaycana qarşı konstitusiyasında təsbit olunmuş ərazi iddiaları barədə məlumat verib.

Xarici işlər naziri Ceyhun Bayramov da görüşlə bağlı paylaşım edib.

Nazir bildirib ki, görüşdə əsas diqqət enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərinə yönəlib. O, Azərbaycan və Bolqarıstan arasında bir sıra mühüm birgə təşəbbüslərin uğurla həyata keçirildiyini vurğulayaraq, bu tərəfdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini qeyd edib.

Görüş zamanı strateji tərəfdaşlıq çərçivəsində müxtəlif mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Ceyhun Bayramov həmçinin post-münaqişə dövründəki regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi və davam edən çağırışlar barədə bolqarıstanlı həmkarına məlumat verib.

.