Şahin Musaoğlu həm gözəl həkim, həm də istedadlı şair kimi tanınıb. O, həkimlər arasında həkim, şairlər sırasında şair olaraq tanınır və həmişə imzası axtarılır. Bir çox hərbi vətənpərvərlik mövzusunda yazılan marşların, mahnıların müəllifi olan şair-həkim, həm də AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədridir. Sözləri və musiqisi Ş.Musaoğluna məxsus olan marşlar və mahnıların dillər əzbəri olması da heç kəsə sirr deyil.

 

Yenizaman.az Şahin Musaoğlunun Axar.az saytına hərbi vətənpərvərlik mövzusunda söhbətini təqdim edir.

 

– Şahin müəllim, son günlər Qarabağdakı müharibə ab-havası yaradıcılığınızda hansı izləri qoydu?

 

– Son hadisələrlə bağlı hamı kimi mən də çox gərgin, həyəcanlı, üzüntülü və eyni dərəcədə qürurlu anlar, günlər yaşadım. Əlbəttə, şəhidlərimizə görə  üzüldüm. Ordumuzun uğurlu əməliyyatlarına görə isə qürurlandım. Yaradıcılığa gəldikdə isə cəmiyyətin, xüsusən gənclərin və qadınlarımızın ordumuza, əsgərlərimizə dəstəyi, sözsüz ki, mənim də ruhuma təsirsiz ötüşmədi. Yaxında inşallah keçirdiyim o hissləri, o duyğuları, o ovqatı mahnı diliylə paylaşacam.

 

– Çox gözəl. Bu arada sizi AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Əvvəllər siz komissiya üzvü idiniz. Deyin, sədrlik müddətinizdə nə yeniliklər olacaq?

 

– Görüləcək işlər çoxdur. İlk növbədə, cəmiyyətdə artan ruh yüksəkliyinin qorunub saxlamasını təmin etmək lazımdır. Bunun üçün komissiya sədri olaraq, hərbi vətənpərvərlik mövzusunun ədəbi mühitdə yerini, rolunu, əhəmiyyətini önə çəkmək və gündəmdə saxlamaq qənaətindəyəm. Eyni zamanda hərbi vətənpərvərlik mövzusunun təbliğatının gücləndirilməsi istiqamətində işlərin görülməsinə nail olmaq istəyirəm. Elə məhz bu məsələ ilə əlaqəli aprel ayının 20-də saat 14-də AYB-nin Natəvan klubunda birliyin mətbuat xidməti ilə birlikdə bizim komissiyanın təşkilatçılığıyla güc nazirliklərinin müvafiq xidmət nümayəndələri ilə, kütləvi informasiya vasitələrinin, dövlət və qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri ilə birgə dəyirmi masa-forum keçirməyi planlaşdırmışıq. Məqsədimiz bu əməkdaşlığın daha sıx, dinamik, işlək fəaliyyət mexanizmini qurmaq və həyata keçirmək üçün müzakirələr aparmaq, tədbir iştirakçılarının arzu, təklif, tövsiyələrini dəyərləndirmək , hərbi hissələrdə, məktəblərdə, təhsil müəssisələrində görüşlərin, tədbirlərin keçirilməsini təşkil etmək və sairdir.

 

Gəlin etiraf edək ki…

 

– Yeri gəlmişkən, məlumdur ki, bütün dövrlərdə savaş ədəbiyyatı yaranır və bu məzmunda olan əsərlər ölkədə müharibəyə nifrət, qələbəyə inam və sevinc aşılayır. Komissiyanıza belə əsərlərlə müraciət edənlər olubmu?

 

– Bildiyiniz kimi, sənət adamları, yazarlar öz yaradıcılığında azad və sərbəstdir. Biz heç kimi məcbur edə bilmərik ki, bu mövzu ilə əlaqəli yazıları mütləq şəkildə komissiyaya təqdim etsinlər. Amma bizə təqdim olunan ədəbi əsərlərin dərci, təbliğatı, təşviqatı məsələsi komissiyanın qarşısında duran əsas vəzifələrdən biridir. Və mən hesab edirəm ki, Azərbaycanda kifayət qədər Qarabağa, müharibəyə, Xocalı və 20 yanvar hadisələrinə aid ədəbiyyat nümunələri, povest, hekayə, poema, şeir, musiqi, rəsm əsərləri, bədii və sənədli filmlərdən ibarət böyük bir külliyyat var. Amma bu külliyyatın vahid bir məkanda qeydiyyatı, təbliği, təşviqatı yoxdur. Ən azından AYB olaraq bu mövzunu gündəmdə saxlamaq məqsədi ilə yaranmış və yaranacaq  savaş ədəbiyyatına sahib çıxmaq istəyirik.

 

– Sizin mahnı mətnləriniz, eləcə də şeirlərinizin çox qismi bu ruhda yazılıb, yadda qalan, sevilən mahnılarınız var. Yeniləri ilə nə vaxt tanış ola bilərik?

 

– Əlbəttə, olacaq. Amma bu həm mənim öz daxili istəyimdən, həm də məndən asılı olmayan səbəblərdən asılıdır. Bildiyiniz kimi, musiqilərin yazılması xüsusi vaxt və texniki şərtlər tələb edir. İndi əsasən dinləyicilərin zövqü ilə hesablaşan mahnılar yazılır. Hərbi vətənpərvərlik mövzusu bir qədər fərqli mövzudur. Gəlin etiraf edək ki, hərbi vətənpərvərlik mövzusunun auditoriyası həmişə məhdud sayda olsa da, tələbkar auditoriya olub. Biz Birinci Qarabağ savaşı ərəfəsində  Şəmistan Əlizamanlı ilə bir neçə konsert proqramları təşkil etmişik. Cəmiyyətin qaymaqları, aydınlar, gənclərin bir qismi və orduya bağlı insanlar bizi sevib, bizi dəstəkləyib. İndi isə vəziyyət dəyişib. Artan ruh yüksəkliyi demək olar ki, cəmiyyətin bütün təbəqələrinə sirayət edib. Əlbəttə, bu, çox yaxşı, öyünüləsi haldır.

 

– Şahin müəllim, ümumiyyətlə, əsgərlərimizin bu mahnılara tələbatı nə qədərdir?

 

 Əsgərin bütün fəaliyyətində bir ritm müşayiət olunur. 1,2,3,4, sol!!! Bu melodiyadır, əslində. Əsgərlər o ritmə köklənir. O ritmin sədaları altında  yatır, durur, yeyir, içir, döyüşür. Marşların, mahnıların önəmi əsgərin

birinci tələbatıdır, məncə. O döyüş əməliyyatı zamanı ac da, susuz da qala bilər. Amma marşsız, mahnısız qala bilməz. Hər hansı bir mahnı ümiddir, dəstəkdir yaşamağa, qisas almağa, döyüşə atılmağa, həmləyə, hücuma səslənişdir çünki!  Bir sözlə, bir ritmlə ordular ayağa qalxıb, zəfərlər qazanıb. Mahnı sədaları altında anesteziyasız belə cərrahi əməliyyatlar icra olunub. Hərb tarixində belə  faktlar çoxdur. Məsələn, Anatoli Papanov öz xatirələrində yazırdı ki, 1941-45-ci illərdə xəstələr üzərində cərrahi əməliyyatlar aparmaq üçün lazım olan anestezi vasitələr çatmırdı. Bəzən həkimlər narkoz vermədən əməliyyat  etməli olurdular. Ayağı amputasiya olunmalı bir əsgər narkozsuz əməliyyata razılıq verir. O narkoz əvəzinə öz arzusuyla Lidiya Ruslanovanın ifa etdiyi "Valenki” mahnısının sədaları altında ayağının amputasiya olunmasını istəyib.

 

 

Kiminsə qeyri-səmimi olmasını düşünmürəm

 

 

– Daha hansı işləri görmək fikriniz var? Bu məzmunda yazan yazarlarımızı mükafatlar  gözəyə bilərmi?

 

– Həvəsləndirici tədbirlərin, mükafatların verilməsi, layihələrin, təqdimatların keçirilməsi müsabiqələrdən sonrakı etapa aid olan məsələlərdir. Bildiyiniz kimi, ayrı-ayrı təşkilatlar, nazirliklər, idarələrlə  birgə müsabiqələr keçirmək planlayırıq. Bundan başqa AYB mətbuat xidməti və Hərbi Vətənpərvərlik Komissiyasının təşkilati dəstəyi ilə "Ulduz” jurnalı və Ayb.az saytı aprel sayında Qarabağ mövzusunda esse müsabiqəsi keçirəcək. "Ulduz” jurnalının aprel sayı həm də oxucularına "Ver, ver bizə Zəfər” adlı kitabını hədiyyə olaraq təqdim edəcək. Məlumat üçün deyim ki, müəllifi Arzu Əsəd, redaktoru Qulu Ağsəs olan bu kitab 1000 nüsxə ilə çapdan çıxıb. Bunun 700-ü Azərbaycan əsgərinə, 300-ü isə "Ulduz”un oxucularına təqdim olunacaq. Əlavə olaraq həmin kitabın 5000 nüsxə çap olunması da nəzərdə  tutulur. Başqa bir informasiyanı da nəzərinizə çatdırmaq istəyirəm. Yaxın günlərdə AYB mətbuat xidməti və Hərbi Vətənpərvərlik Komissiyası "Ulduz” jurnalı ilə birlikdə vətənpərvərlik ruhunda mahnı mətnləri müsabiqəsi keçirməyi də planlaşdırır.

 

– Ümumiyyətlə, vətənpərvərlik mövzusunda hansısa müsabiqədə iştirak etmək üçün yazmaq, nə dərəcədə səmimi bir əsərin araya-ərsəyə gəlməsinə səbəb ola bilər?

 

– Müsabiqə üçün yazılan əsərlər var, bir də var vaxtında yazılıb, heç yerdə dərc olunmayıb. İndi müsabiqəyə təqdim olunur. Müsabiqə adından bilindiyi kimi yaxşının yaxşısını seçib, dəyərləndirməkdir, təbliğ etməkdir. Əlbəttə, sənətdə sifarişlə yazılan əsərlər professional baxımdan qüsursuz ola bilər, amma səmimi olmaz. Bu, mövzuya münasibətdən asılı olaraq özünü göstərir. Amma söhbət vətəni, torpağı, bayrağı, əsgəri tərənnüm etməkdən gedirsə, kiminsə qeyri-səmimi olmasını düşünmürəm. Bu, həm də "tərəf” məsələsidir. Hötenin məşhur bir kəlamı var: "Səmimi olmağa söz verirəm, tərəfsiz əsla”. Bizi birləşdirən bu tərəfdi. Bu həmən "tərəf” – gücdür. Vətən sevgisi, gücü!!! Bu milləti ayaqda tutan və toplum arasında milli birliyi, bərabərliyi qoruyub saxlayan yeganə bir gücdür.

 

 

Yəqin ki, bu fikirləri səsləndirməzdim

 

 

– Sizcə, Azərbaycan yazarı müsəlləh əsgər ola bildimi?

 

– Əgər mən orduya bağlı olmasaydım, yəqin ki, bu fikirləri səsləndirməzdim. Məncə, bu gün Azərbaycan ədəbi mühitində müsəlləh əsgər olan kifayət qədər yazarımız olub, var və olacaq da. Sadəcə olaraq, bu rupor, məkan, mənbə baxımından o illərdən fərqlənir. O dönəm bir rupor – radio var idi. Teleməkan, televiziyalar yığışdırılmışdı. Kiminsə var idi, onu da müsadirə etmişdilər. İnformasiya məkanı bir neçə qəzet idi. Onlar da ciddi nəzarət altında dərc olunurdular. İnformasiya qıtlığı bu informasiyadan ac olan əhali tərəfindən anındaca mənimsənilir, sahiblənilir, özünküləşdirilirdi. Hər bir məlumat, hər çağırış, hər bir şeir, mahnı böyük hadisəyə çevrilirdi. İnsanlar bir kağız parçasına yazılmış bir şeiri müqəddəs bir yazı kimi, ürəklərinin başında gəzdirirdilər. Məsələn, o illərdə hərbi müxbir olan K.Simenovun "Gözlə məni” şeiri iyirmi milyon nüsxədən çox dərc olunaraq paylaşılmışdı. Bu, ən azından 20 milyon insan deməkdir. Digər bir misal: Amerikada bir dərgidə E.Hubbat adlı bir köşə yazarının "Qarsiyaya məktub” yazısı yüz  milyondan çox dərc olunub. Həmin yazı əlyazma şəklində Amerikadan Rusiyaya, oradan Yaponiyaya, oradan yenə Amerikaya qayıdıb.

 

– Səməd Vurğunun "Ananı öyüdü” şeiri kimi müharibəyə, qələbəyə çağırış verə biləcək yeni bir şeir son günlər sizə təsadüf etdimi?

 

– Mənə təsadüf etməyibsə və ya biz oxumamışıqsa, bu, hələ o demək deyil ki, bu ruhda bir şeir belə olsun, yazılmayıb. Dediyim kimi, indi şeir məkanı, dövrü-mətbuat, qəzet, jurnal, sayt portallarda ədəbi mövzulara poeziyaya həsr olunmuş köşələr, rubrikalar var ki, orada o qədər müxtəlif, o qədər çox, o qədər zəngin məlumatlar yerləşdirilir ki, bu yazıları oxumaq, qiymətləndirmək fiziki cəhətdən mümkün deyil. Biz də AYB komissiyası olaraq, məhz bu sahədə, bu mövzuda olan əsərləri ən azından qeydiyyata almaq, sistemləşdirmək, dəyərləndirmək istəyərdik. Əlbəttə, bizə bu işdə həmin yazarlar, şairlər kömək etsə…



.