Cəlilabadda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli təmsilçiliyinin binası qarşısında 500-ə yaxın vətəndaş etiraz aksiyası keçirib. Aksiyaya səbəb nazirliyin ünvanlı sosial yardım almaq istəyən vətəndaşların sənədlərini qəbul etməməsidir. Aksiya iştirakçılarından azadliq.info-nun aldığı məlumata görə, vətəndaşlara müraciət üçün vaxtın artıq bitdiyini bildiriblər. Aksiyaçıların yaxınlıqda yerləşən Cəlilabad rayon İcra Hakimiyyətinin binası qarşısına üz tutması əraziyə polis əməkdaşlarının cəlb olunmasına səbəb olub. Polislər öncə aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışsalar da, əhalinin böyük təpkisi nəticəsində buna nail olmayıblar. Hazırda nazirliyin binası önündə toplaşan aksiyaçıları polis kənardan müşahidə etməklə məşğuldur.
Bundan əlavə 30gun.az-a rayondan daxil olan məlumatlarda bildirilir ki, aksiya iştiraçıları ilə rayon icra hakimiyyətinin nümayəndələri arasında insident yaranıb. Belə ki, narazı vətəndaşlar icra başçısı Əziz Əzizovla görüşmək istəyiblər. Lakin vətəndaşların qarşısına çıxan rayon icra hakimiyyətinin nümayəndələri onları həbslə etdirəcəkləri ilə hədələyiblər. Bundan hiddətlənən əhali ilə icra hakimiyyətinin bir neçə nümayəndəsi arasında toqquşma olub. Deyilənlərə görə, Cəlilabad İcra Hakimiyyətinin binasının bir neçə pəncərələri sındırılıb. İcra başçısı Əziz Əzizova istefa şüarları səsləndirilib.
.