Azərbaycanla strateji tərəfdaşlığımız ölkələrimiz arasındakı 30 illik münasibətlərin inkişafı tarixinin mühüm mərhələsidir.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ənənəvi mətbuat konfransında bildirib.

O deyib ki, hər iki dövlət arasındakı əlaqələr daim sabit məcrada inkişaf edib:

“Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin təməli 1992-ci il aprelin 2-dən etibarən qoyulub. 30 il ərzində bu əlaqələr sağlam və sabit məcrada inkişaf edib. Son dövrlər ölkəmizin rəhbəri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə əlaqə saxlayıb və bu faktor münasibətlərimizin strateji səviyyəyə yüksəlməsini təmin edib. Tərəflər dəfələrlə suverenlik və ərazi bütövlüyü kimi məsələlərdə bir-birinin mövqeyini dəstəkləyib. Çinlə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard ABŞ dollarından çox olub. Eyni zamanda, ölkələrimiz Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, habelə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu əsnada Çin-Azərbaycan münasibətlərinin keyfiyyətcə yaxşılaşdırılması təbii haldır”.

Çin XİN-in nümayəndəsi hər iki ölkənin liderlərinin qarşılıqlı münasibətlərin strateji səviyyəyə çatdığını elan etdiyini xatırladıb:

“Bu amil Çin-Azərbaycan əlaqələrinin inkişaf tarixində yeni mərhələdir. Hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərini qarşılıqlı siyasi dəstəyin daha da gücləndirilməsi, əsas xətt kimi “Bir kəmər, bir yol” layihəsinin keyfiyyətli icrası daxil olmaqla, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq məsələlərdə səmərəli əlaqələndirmənin həyata keçirilməsi, hər iki xalqın mənfəəti naminə Çin-Azərbaycan strateji tərəfdaşlığının sağlam və sabit inkişafı üçün başlanğıc nöqtəsi kimi qəbul edəcək” - Mao Nin fikirlərini yekunlaşdırıb.

.