2022-ci il yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə, Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib. Müayinələrin nəticələrinə görə Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, aparılmış monitorinqlər zamanı Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zonalarında dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyən edilib. Nəticədə qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub.

Həmçinin, aparılmış monitorinqlər zamanı Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan çimərliklərinin sanitariya-mühafizə zonalarına buraxılan tullantı çirkab suları ilə çirkləndirilməsi səbəbindən dəniz suyunun mikrobioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Aparılmış laborator müayinə nəticələrinə əsasən, Pirşağı çimərliyinin suyunun mikrobioloji çirklənmə göstəriciləri də sanitariya norma və qaydalarının tələblərinə cavab verməyib.

Sumqayıt şəhər çimərliyində aparılmış monitorinq zamanı laboratoriya müayinəsinə götürülmüş dəniz suyu nümunələrində mikrobioloji çirklənmə göstəricisi olan bağırsaq çöpləri qrupu bakteriyaların sayı normadan çox olub.

2022-ci il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa istinadən, Səbail rayonun Şıx, Qaradağ rayonun Sahil, Suraxanı rayonun Hövsan, Xəzər rayonun Türkan, Sabunçu rayonun Pirşağı çimərliklərinin və göstərilən ərazilərdə qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq olaraq qərarları qüvvədə saxlanılıb, həmçinin Sumqayıt şəhər çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul olunub.

.