Çexiyanın ədliyyə naziri Pavel Blazek respublikada saxlanılan Azərbaycan əsilli Gürcüstan vətəndaşı, kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb.
Bu barədə çərşənbə axşamı “Pravo” qəzeti məlumat yayıb.
Yaxın bir neçə gün ərzində Ömərovun ekstradisiyası prosesi həyata keçirilməlidir. Beynəlxalq order əsasında o, yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir. Onun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorluğu Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.
Praqa şəhər məhkəməsi mayın sonunda Ömərovun ABŞ-a, o cümlədən onu cinayət törətməkdə ittiham edən Gürcüstan və Qazaxıstana da ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Çexiya mediası bir müddət əvvəl Polad Ömərovun Rusiya və Ukraynadakı azərbaycanlı icmaları sıxışdıran mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb.
.