“Xüsusən Suriyanın şimalında PKK/YPG-nin hücumlarının artdığını müşahidə edirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nikaraqualı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“PKK/YPG bizim hərbçilərimizə və polislərimizə hücum edib. “Fərat Qalxanı” əməliyyatı bölgəsində bir əsgərimiz, daha sonra isə 2 polisimiz şəhid olub. Bu əməliyyatlara başlamazdan əvvəl də terror qrupları Suriyanın şimalından bizim ərazilərimizə raketlərlə hücum edirdi. Son zamanlar belə hücumların artdığını görürük. Biz "Fərat Qalxanı" əməliyyatı və Suriyanın şimal-şərq bölgəsində digər əməliyyatlara başladıqdan sonra ABŞ və Rusiya ilə razılaşma əldə etmişdik. Hər iki ölkə bu bölgədəki terrorçuları ən azı 30 km cənuba çıxaracaqdı. Rusiya Tel-Rifat və Menbic bölgəsindəki PKK-çıları da buradan təmizləyib uzaqlaşdıracaqdı. Lakin təəssüf ki, bu sözlər yerinə yetirilmədi. Dolayısı ilə bu bölgədə mülki əhaliyə və bizə qarşı hücumlara görə Rusiya və ABŞ məsuliyyət daşıyır. Çünki vədlərinə əməl etmədilər. ABŞ Suriyadan müttəfiqinə qarşı edilən hücumları qınadığına dair açıqlama verir. Yaxşı, bəs bu silahları terrorçulara kim verir, onlara kim təlim keçir? Sən təlim keçirsən, sən silah verirsən və sonra da sadəcə nümayiş üçün qınayıcı açıqlaması yayırsan. Burada qeyri-səmimilik aydın şəkildə ortadadır”, - Mövlud Çavuşoğlu qeyd edib.

.