“NATO müttəfiqləri müxtəlif bəhanələrlə hava hücumundan müdafiə sistemini bizə vermədilər. Təbii ki, pulsuz istəmirdik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada qətərli və rusiyalı həmkarları ilə birgə mətbuat konfransında deyib.

O, NATO müttəfiqlərinin Suriya sərhədindən hava hücumundan müdafiə sistemlərini geri çəkdiklərini xatırladıb.

“Rusiya S-400-lə bağlı yaxşı bir təkliflə çıxış etdi. Türkiyə qarşıdakı müddətdə hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyacaq. Bunu çox açıq şəkildə NATO müttəfiqlərinə də demişik. Ölkəmizdə istehsal edilməyən müdafiə sənayesi məhsullarını haradansa almalıyıq. Türkiyə müstəqil ölkə olaraq bu hüququndan istifadə edəcək”, - deyə XİN başçısı vurğulayıb.

Türkiyə XİN başçısı: “Terror təşkilatları Suriyanı bölmək istəyir”

“Bizim məqsədimiz Suriyada dayanıqlı sülhün əldə edilməsidir. Təəssüf ki, Suriyada böhran 10 ildir davam edir. Böhranın mənfi təsirlərini görürük. Bunun əsas səbəbi Suriya xalqının qanuni haqlarının qulaqardına vurulmasıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada qətərli və rusiyalı həmkarları ilə birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, 6 milyondan çox suriyalı vətənindən didərgin düşüb ki, onların da 3,6 milyonu Türkiyədə yaşayır.

O, 2,4 milyon suriyalı uşağın məktəbə gedə bilmədiyini vurğulayıb. XİN başçısı diqqətə çatdırıb ki, bu vəziyyətdə daha adekvat addımlar atılmalıdır.

“10 ildir İŞİD, PKK kimi terror təşkilatları Suriyanı bölmək istəyir. PKK Suriyanın şimalında mülki əhalini hədəf alır. Görüşümüzdə Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyimizi bir daha vurğuladıq”, - deyə M. Çavuşoğlu qeyd edib.
 

.