“Gürcü həmkarımla regional ortaq layihələri, Qarabağda atəşkəsdən sonra bölgənin istiqrarı üçün atıla biləcək addımları müzakirə etdik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

“Biz Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik. Gürcüstanın bu məsələdə bəzi tərəddüdləri var, bunu anlayışla qarşılayırıq. Gürcüstanın da iştirak edəcəyi regional əməkdaşlığa dəstəyimiz artacaq. Biz Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığına əhəmiyyət veririk”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Çavuşoğlu: ““3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir”

Azərbaycanın təklif etdiyi “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir.

Bunu da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, “3+3” platformasının məqsədi həm logistik, iqtisadi, enerji sahələrindəki layihələrlə bağlı etibarlı addımlar atmaqdır.

“Biz bu məsələdə Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq”, - deyə M. Çavuşoğlu vurğulayıb.

XİN başçısı: “Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı bütün region üçün çox vacibdir”

 “Türkiyə və Gürcüstan arasında çox məhsuldar münasibətlər var. Biz bu münasibətləri daha da genişləndirəcəyik. İqtisadi, siyasi, mədəni sahələrdə dinamik əlaqlələr mövcuddur”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki Türkiyə Gürcüstanı bütün beynəlxalq platformalarda dəstəkləyir. Gürcü nazir buna görə Türkiyəyə təşəkkür edib.

“Strateji əməkdaşlığımızı gücləndirməliyik. Bölgədə mövcud olan vəziyyəti müzakirə etdik. Əminik ki, birlikdə problemlərin öhdəsindən gələcəyik. Bu gün biz yeni formatlar barədə danışdıq. Bu formatlar ölkələrin suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır. Üçlük formatı - Azərbaycan, Türkiyə və Gürcüstan - barədə də fikir mübadiləsi apardıq. Xəzər bölgəsində bizim bu əməkdaşlığımız bütün region üçün çox vacibdir”, - deyə D. Zalkaliani bildirib.

.