İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Mövlud Çavuşoglu arasında telefon danışığı baş tutub.

Bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Nazirlər ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Abdullahian Türkiyə xarici işlər nazirinə Şirazdakı terror aktı ilə bağlı başsağlığına görə təşəkkür edib.

İranlı nazir bildirib ki, bəzi düşmənlər son hadisələrdən sui-istifadə edərək İranda qeyri-sabitlik yaratmağa çalışır.

Çavuşoğlu isə öz növbəsində bildirib ki, İran və Türkiyə təkcə iki qonşu ölkə deyil, həm də yaxşı və pis gündə həmişə bir-birinin yanında olan iki qardaş ölkədir.

XİN rəhbəri Şirazdakı terror hadisəsini pisləyərək bir daha Türkiyə hökuməti və xalqı adından başsağlığı verib.

“Biz terrorla mübarizədə həmişə İranın yanında olmuşuq və olacağıq”, - deyə Çavuşoğlu əlavə edib.

Türkiyənin xarici işlər naziri İran və Azərbaycan arasında danışıqlar prosesini bir daha alqışlayıb. O vurğulayıb ki, hər iki ölkə Türkiyənin dostudur və İranla Azərbaycan arasındakı dostluq onları sevindirir.

.