Bu gün Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdən sonra mətbuat konfransı keçirilib.
M. Çavuşoğlu deyib ki, Türkiyə və ABŞ arasında əlaqələr daha güclü olmalıdır. Görüşdə iki ölkə arasında münasibətlərlə bərabər terrorla mübarizə, Suriya, İraq və bölgədəki problemləri müzakirə etdiklərini nəzərə çatdıran Türkiyənin xarici işlər naziri sabah NATO toplantısında digər müttəfiq ölkələrlə də eyni məsələləri müzakirə edəcəklərini söyləyib.
M. Çavuşoğlu bundan əvvəlki ABŞ Administrasiyasının PKK-nın Suriya qolu olan PYD/YPG-yə dəstək verməsinin və əməkdaşlığının iki ölkənin münasibətlərinə mənfi təsir etdiyini vurğulayıb: "Bizi hədəf seçən terror təşkilatına verilən dəstək həm bizi məyus edib, həm də türk xalqının ABŞ-a münasibətinə mənfi təsir edib. Bu düşüncələrimi görüşümüzdə Reks Tillersona da söylədim. Biz İŞİD terror təşkilatı ilə birlikdə mübarizə apara bilərik. Bu qədər ölkə İŞİD-ə qalib gələ bilmirsə, özümüz tənqid etməliyik. Bunun üçün başqa terror təşkilatlarına möhtacıqsa, bunu düşünməliyik”.
M. Çavuşoğlu görüşdə Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdi və bu terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin də müzakirə olunduğunu açıqlayıb: "Biz bununla əlaqədar indiyə qədər əlimizdə olan sənədləri ABŞ-a təqdim etmişik. Yeni əldə olunan məlumatlar da ABŞ Ədliyyə Nazirliyinə çatdırılıb. Biz ən azı Fətullah Gülənin müvəqqəti saxlanılmasını istəyirik. Türkiyə-ABŞ münasibətlərini yenidən düzəltmək üçün addımlar atmamız lazımdır. Türkiyə prezidenti də bunu ABŞ prezidenti Donald Trampa söyləyib. Avropa İttifaqındakı problemlərə baxsaq, bu gün Türkiyə-ABŞ dostluğuna daha çox ehtiyac var”.
Türkiyə xarici işlər naziri "Halkbank” rəhbərinin müavini Mehmet Hakan Atillanın ABŞ-da saxlanılmasına da münasibət bildirib və bunun siyasi xarakterli olduğunu vurğulayıb: "Bu işin keçmişinə baxsaq, işi başladan ABŞ-dakı keçmiş prokuror Baharadır. Rza Zərrabın saxlanılması da daxil olmaqla, bu prosesin siyasi xarakterli olduğunu düşünürük. Baharaya baxsaq, sosial mediada Türkiyə əleyhinə danışır. Bank rəhbərinin müavini tutulduğu andan amerikalı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Qərarı məhkəmə verəcək”.
Qeyd edək ki, mətbuat konfransında M. Çavuşoğlu ABŞ-PYD/YPG əməkdaşlığı ilə bağlı fikirlərini bildirərkən R. Tillersonun pərtliyi diqqətdən yayınmayıb.
Reks Tillerson isə öz növbəsində ABŞ tərəfini daha çox maraqlandıran əsas müzakirə mövzularını açıqlayıb.
İranın zərərli fəaliyyətinin qarşısını almaq ABŞ və Türkiyənin ortaq hədəfidir bunu türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında R. Tillerson deyib. O bildirib ki, bu məsələlər İŞİD terror təşkilatını məğlub etmək, bölgədə sabitlik və əməkdaşlıq, Türkiyə ilə hərbi əməkdaşlığın davam etməsi, yeni ortaya çıxa biləcək terror təhdidlərini önləməkdən ibarətdir: "Türkiyə Suriyaya xaricdən döyüşçülərin axınının qarşısını aldı, Türkiyənin İŞİD-lə mübarizə üzrə koalisiyaya faydasını bir kənara qoya bilmərik. Türkiyənin bu bölgədəki bütün fəaliyyətləri bizim üçün çox önəmli oldu. Türkiyə qaçqınların problemlərini həll etmək üçün səy göstərdi. Türkiyənin 6 illik dövrdə sülhsevər fəaliyyətini təqdir edirik”.
R. Tillerson ABŞ-la Türkiyə arasında iqtisadi əməkdaşlığı genişləndirmək istədiklərini vurğulayıb: "ABŞ və Türkiyənin bir çox ortaq hədəfləri var. Bu sırada İranın zərərli fəaliyyətinin qarşısını almaq, iraqlıların demokratiyaya keçidinə kömək etmək də var. Bu çətinliklərin qarşısını birlikdə almağa çalışırıq”.
Mətbuat konfransında R. Tillersona ABŞ-ın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG ilə əməkdaşlığının Türkiyə ilə münasibətlərə təsirinə dair sual ünvanlanıb. ABŞ dövlət katibi suala konkret cavab verməkdən yayınıb: "Bu gün Türkiyədə keçirdiyimiz görüşlərdə bu məsələ müzakirə mövzusu idi. Suriyada uzunmüddətli nəticəyə necə nail ola bilərik, suriyalıların Suriyaya qayıdışı necə olacaq, bu məsələlər müzakirə olundu. Bunlar çətin qərarlar, çətin seçimlərdir, amma bu məsələlərin müzakirəsi faydalıdır. ABŞ terrorla mübarizə koalisiyasının ortağı olmağa davam edəcək. Birlikdə çox addımlar atacağıq”.
R. Tillerson Suriya prezidenti Bəşər Əsədin gələcəyi ilə bağlı sualı da cavablandırıb. ABŞ dövlət katibi B. Əsədin hakimiyyətdən gedib-getməməsinə Suriya xalqının qərar verəcəyini vurğulayıb
