
"Qabırğalarım sınıb və sol qulağım eşitmir"
Avqustun 8-də reportyor Rasim Əliyev "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Nəticədə həmkarımız 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib.
Bu barədə Rasim Əliyev Meydan TV-yə özü danışıb.
Rasim Əliyev bildirib ki, Facebook səhifəsində tənqidi statusundan sonra futbolçunun qohumları ona zəng edib hədə-qorxu gəliblər: "Bundan sonra Cavid Hüseynov zəng edib, amma mülayim danışıb və etdiyi hərəkətin səbəbini başa salıb. Amma qohumların hirsi soyumayub. Mənə zəng etdilər ki, bəs Cavidlə danışdıq, amma gəl görüşüb çay içək, razılaşdım. Bayılda görüşəndə düşdülər üstümə, 7-8 nəfər idi. Döyərkən telefonumu da sındırdılar. Hazırda xəstəxanadayam. Qabırğalarım sınıb və sol qulağım eşitmir".
Jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun Kiprli jurnalistə qarşı hərəkətini "facebook" səhifəsində tənqid etməsi göstərilib.
.