Xəbər verildiyi kimi Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 idmançısını Avropa çempionatında qazandığı medaldan məhrum edib. Səbəb həmin idmançıların dopinqdən istifadə etməsi olub. Publika.az saytı məlumat yayıb ki, bu hadisə Bakıdakı müvafiq federasiyada aranı qatıb.
Sayt yazır ki, məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının münasibət öyrənmək mümkün olmayıb. Federasiyanın icraçı direktoru Isgəndər Əsgərova zəng edilib. Lakin zəngə cavab verən şəxs özünü Famil kimi təqdim edərək Isgəndər Əsgərovun telefonu maşında unutduğunu bildirib.
Məlumatda deyilir ki, bütün rəsmilər mətbuatdan gizlənir, baş vermiş olayda adının hallanmamasına çalışır. Hər kəs Ağır Atletika Federasiyasının (və AZAL-ın) prezidenti Cahangir Əsgərovun təlimatını gözləyir. Məlumata görə, qurum rəsmiləri hələ ki, Beynəlxalq Ağır Atletika Federasiyası ilə əlaqə saxlamayıb.
Rəsmilərə təsəlli verən tək amil, beynəlxalq federasiyanın rəsmi saytında idmançılarımızın adlarının dopinq qəbul edənlərin siyahısında olmamasıdı. Qurumun saytında azərbaycanlı idmançıların yalnız medallardan məhrum olunduğu göstərilib.
Ola bilsin ki, yaxın müddətdə idmançılarımızın adları həmin siyahıya əlavə olunacaq. Çünki təcrübə göstərir ki, idmançıların medallardan məhrum olunması dopinqdən istifadə təsdiqləndikdən sonra reallaşır.
.