
Yenizaman.az CTV regional televiziyasına istinadən xəbər verir ki, bir vaxtlar kolleksiya toplamaq marağı çox insanlarda olsa da indi bu hala nisbətən az-az rast gəlinir. Xüsusilə bölgələrdə. Amma sıradakı materialımızın qəhrəmanları bu işdə yaman həvəslidirlər.
Səfəvilər dövrünə və daha əvvəllərə aid aid gümüş pul və sikkələr, müxtəlif banknotlar, yaşı bir əsrdən çox olan mis və keramik qablar, saatlar və digər qədim əşyalar. Lənkəranın Səpnəkəran kənd sakini Sübhan 5 ilə yaxındır ki, kolleksiya toplamaqla məşğuldur və bu cür əşyalara pul xərcləməkdən çəkinmir. Hər bir əşyanın öz tarixi olduğu kimi dəyəri də var. Həmişə axtarışda olan Sübhan bu əşyaların və pulların birinə 5 manatdan tutmuş 400 manata qədər pul ödəyib.
Digər bir kolleksiyaçı qəhrəmanımız isə Astara sakini İlqar Məmmədov isə 8 ildir ki, qədimi pulları toplayır. Onun kolleksiyasında hətta XIV əsrə aid pullara da rast gəlinir. İlqarın sözlərinə görə babası, atası da vaxtilə qədim pullardan kolleksiya yığıb. Kolleksiyaçı Azərbaycanın qədim qəpikləri və kağız pulları ilə yanaşı, keçmiş Sovet ölkələrinin, eləcə də İranın qədim pullarını kolleksiyasına daxil edib. O, təxminən 200-ə yaxın qədimi qəpik, eləcə də 150-ə yaxın kağız pul toplayıb.
Hər iki kolleksiyaçı topladıqları nümunələri satmaq fikrində deyillər. Onlar eksponatların sayını daha da artırıb kolleksiyalarını zənginləşdirməyi planlaşdırırlar.
.