Sentyabrda ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, ötən ay Azərbaycana 158 803 əcnəbi səfər edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 118 faiz çoxdur. Belə ki, ötən ilin sentyabrında ölkəyə 72 688 nəfər gəlib.

Bu ilin yanvar-sentyabr ayları ərzində isə ölkəyə 1 162 949 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 126 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 9 ayında ölkəyə 515 280 xarici turist səfər etmişdi.

Ən çox turist isə Rusiya (46 162), Türkiyə (29 506), İran (16 717), Hindistan (8626), Gürcüstan (8009), Səudiyyə Ərəbistanı (7368) və Pakistandan (5432) gəlib.

Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 29,07, Türkiyə üzrə 18,58, Yaxın Şərq üzrə 11,35, İran üzrə 10,53, Cənubi Asiya üzrə isə 9,32 faiz olub.

Bu ilin ilk 9 ayında ən çox əcnəbilərin gəldiyi top 15 ölkənin statistikasına görə, Rusiyadan 309 min, Türkiyədən 228 min, İrandan 128 min, Səudiyyə Ərəbistanından 86 min, Gürcüstandan 56 min, Pakistandan 38 min, Hindistandan 36 min, BƏƏ-dən 27 min, Qazaxıstandan 22 min, Ukraynadan 21 min, İsraildən 20 min, Küveytdən 19 min, Özbəkistandan 18 min, Omandan 16 min, Birləşmiş Krallıqdan isə 13 min əcnəbi gəlib.

Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 43 faiz azdır. Belə ki, 2019-cu ilin sentyabrında ölkəyə 279 618 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar-sentyabr aylarında isə gələnlərin sayı (2 415 854) bu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz çox olub.

.