Rusiyadan müdafiə sənayesi məhsulları alan bəzi dövlətlərə sanksiya tətbiq edən ABŞ-ın özünün Moskvadan silah aldığı məlum olub.

“CNN Türk” xəbər verir ki, bu, Rusiya Gömrük Xidmətinin 2021-ci ilin ilk səkkiz ayına dair hesabatında öz əksini tapıb.

Sənədə əsasən, ABŞ bu il Rusiyadan 841 milyon dollarlıq silah alıb. Birləşmiş Ştatlar Rusiyadan silah və texnika alan yeganə NATO ölkəsi deyil. Siyahıda alyansa üzv olan daha beş dövlətin adı var. Bunlar Almaniya, Böyük Britaniya, Estoniya, Çex Respublikası və Niderlanddır.

ABŞ Rusiyadan ən çox silah alan ikinci ölkədir. Siyahıda birinci yerdə Əlcəzairdir.

Hərbi ekspertlər ABŞ-ın Rusiyadan raket elementləri, “Kalaşnikov” avtomatları və tank əleyhinə raketlər aldığını bildiriblər.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın narazılığına səbəb olub. Buna görə də Vaşinqton Ankaraya sanksiya tətbiq edib və S-400-lərin Rusiyaya qaytarılmasını istəyir.

.