Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin dördüncü ildönümü - Zəfər Günü qeyd olunur.
Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.
Beləliklə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirildi.
2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.
Zəfərin mübarək, Azərbaycan!
.