Azərbaycanın bir çox məscidlərində bu münasibətlə tədbirlər keçirilir.
Bu gün hicri-qəməri tarixi ilə cəmadiul-əvvəl ayının 5-i həzrət Zeynəbin (s.ə) doğum gününə təsadüf edir. Həzrət Zeynəb (ə) hicrətin 6-cı ilində dünyaya gəlib və ilk beş ilində həzrət Məhəmməd (ə) peyğəmbərlə eyni zamanda yaşayıb.
Tarixi faktlara əsasən, həzrət Zeynəb dünyaya gələrkən babası həzrət Məhəmməd (s) peyğəmbər döyüşdə idi və məhz buna görə həzrəti Əli (ə) onun adını qoymur və peyğəmbəri gözləyir. Peyğəmbər döyüşdən qayıtdıqdan sonra Zeynəbi öpüb-qucaqlayaraq, onu atasına bənzədir və adını "Zeynəb” yəni atasının bəzəyi və zinəti adı ilə adlandırır.
Həzrəti Zeynəb (ə) qardaşı imam Hüseynlə (ə) birgə Aşura faciəsində çiyin-çiyinə zalım Yezidə qarşı mübarizə aparıb. İmam Hüseynin (ə) şəhid edilməsindən sonra Şama əsir aparılan xanım Zeynəb (ə) qardaşının qiyamının mahiyyətini, hədəfini və fəlsəfəsini lazımınca xalqa çatdırır. Məhz buna görədir ki, həzrəti Zeynəb (ə) İmam Hüseyn (ə) inqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir.
Hazırda həzrət Zeynəbin (ə) məqbərəsi Suriyanın paytaxtı Dəməşqdə yerləşir. Suriyada təkfirçi və radikal qruplaşmaların təcüvüzü nəticəsində bu müqəddəs məkan dəfələrlə dağıntılara məruz qalıb. Görünür, elə 14 əsr əvvəl Kərbəla faciəsində Yezid və əlaltıları vasitəsilə Əhli-beytə qarşı aparılan vəhşi siyasət, indi də Yezidin varisləri tərəfindən davam etdirilir.
Xatırladaq ki, ötən gün axşam təkfirçi kamikadzelər həzrəti Zeynəbin məqbərəsinin yerləşdiyi rayonda idarə etdikləri minalanmış maşınları partladıblar. Bu terror aktında 8 nəfərin həyatına son qoyublar.
.