“Bu gün bir daha demək istərdik ki, Azərbaycan Laçın yolunda avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoymayıb. Etirazçılar yolboyu hərəkəti bağlamaq niyyətində olduqlarını da bildirməyiblər. Sosial media vasitəsilə yayılan xəbərlər və videolar yolboyu müxtəlif növ nəqliyyat vasitələrinin, o cümlədən mülki və təcili tibbi yardım maşınlarının və BQXK-nın avtomobillərinin maneəsiz keçdiyini göstərir”.

Bunu ATƏT-in Daimi şurasının xüsusi iclasında Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Ermənistan XİN başçısı Ararat Mirzoyanın çıxışına cavabında deyib.

“Vəziyyətin guya humanitar nəticələri ilə bağlı iddialar da eyni dərəcədə yalandır. Bu, Ermənistanın açıq-aşkar bədxah siyasi məqsədlər üçün vəziyyətlə manipulyasiyasının növbəti təzahüründən başqa bir şey deyil. Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi baxımından heç bir maneə yoxdur. Buna baxmayaraq, Azərbaycan hökuməti vəziyyətin mümkün mənfi təsirini ciddi qəbul edib və son həftələr ərzində bir neçə dəfə erməni əsilli vətəndaşlarımızın istənilən humanitar narahatlığını yerlərdə həll etməyə hazır olduğunu bəyan edib. 12 dekabr 2022-ci il - dinc etirazların başladığı tarixdən 2023-cü il yanvarın 15-dək Rusiya sülhməramlı kontingentinin, BQXK-nın və yerli erməni sakinlərinin ümumilikdə 644 avtonəqliyyat vasitəsi Laçın yolu ilə hər iki istiqamətdə maneəsiz keçib. 2023-cü il yanvarın 5-dən 15-dək yoldan hər iki istiqamətdə keçən nəqliyyat vasitələrinin orta hesabla gündəlik sayı 30 olub. Onların əksəriyyəti Xankəndinə ərzaq və tibbi ləvazimat daşıyan ağır tonnajlı avtomobillər olub.

Eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfindən öz öhdəliklərini yerinə yetirməməkdən yayındırmaq üçün mövcud vəziyyətdən istifadə etmək məqsədilə erməni tərəfinin yerli erməni sakinlərinin yoldan istifadəsinə mane olmaq cəhdlərini müşahidə edirik. Ermənistan tərəfi bu hərəkətlərin mümkün nəticələrinə görə tam məsuliyyət daşıyır.

Sərvətlərin qanunsuz istismarı və hərbi məqsədlər üçün yoldan sui-istifadə ilə bağlı Azərbaycan hakimiyyətinin və geniş ictimaiyyətin haqlı narahatlıqları nə qədər tez aradan qaldırılarsa, mövcud vəziyyət bir o qədər tez həll olacaq”, - daimi nümayəndə qeyd edib.

.