Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu və yerlisi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynovun qəzəbinə gəlib.
Bu barədə mia.az-a daxil olan məlumata görə, BTRİB-in rəisi Beytulla Hüseynov nazir Səlim Müslümovun rabitə sektorunda sürətli yüksəlişə qədəm qoyan və hazırda Xəzər Telefon Qovşağının rəisi vəzifəsində işləyən qohumlarından olan Cavid Həsənovu «nişangah»a gətirib: «Cavid Həsənov məhz Səlim Müslümovun xahişiylə rabitə sektorunda yüksəlişə qədəm qoyub. O, əvvəllər BTRİB və onun tabeliyində olan Bakı Avtomat Telefon Qovşağında (Taksafon) işləyib. Sonradan isə onu Xəzər Telefon Qovşağına rəis təyin etdilər. Maraqlı budur ki, əvvəllər Cavid Həsənova «isti münasibət» bəsləyən Beytulla Hüseynov bir aya yaxındır onu gözdən salmaq üçün hər vasitədən yararlanır. Artıq Beytulla Hüseynov Cavid Həsənova sonuncu xəbərdarlıq etməklə, ona töhmət verib. Üstəlik, iclasda onu və fəaliyyətini aşağılayan özünəməxsus ədalı ifadələr işlədib. Daha sonra isə qovşağın baş mühəndisi və bir neçə şöbə rəisini vəzifələrindən azad edib. Beytulla Hüseynov qovşağın ən «gəlirli» sahəsi olan Marketinq şöbəsinin rəisi vəzifəsinə isə Nizami Telefon Qovşağının rəisi, öz qohumu Fətulla Seyidovun müavini Rəşadəti rəis göndərib. Görünür, baş mühəndislə Marketinq şöbəsinin rəisini dərhal "vuran” Beytulla Hüseynov Səlim Müslümovun qohumu Cavid Həsənovu əvvəlcə "gəlir”dən məhrum etmək istəyib. Bu fikri qüvvətləndirən əsas məqam isə B.Hüseynovun nazirin qohumunun telefon çəkilişləri və digər məsələlərlə yanaşı, optik kabellərin təyinatı üzrə necə "xərclədiyi”ni xüsusi qabartmasıdır».
Məsələyə bağlı Cavid Həsənovla danışmaq istəsək də, onun yerində olmadığı bildirildi. Beytulla Hüseynov və qovşağın münasibətini də dinləməyə hazırıq.
Mia.az-a Beytulla Hüseynovun vəzifə səlahiyyətini aşan çoxsaylı hərəkət və fəaliyyəti haqqında da məlumat verilib. Onun Nizami, ardınca Xətai və BRİB-ə rəis təyinatının görünməyən tərəflərindən tutmuş, etik davranış qaydalarına davranış tərzi, həmçinin, qohumlarının rabitədə çox qısa zamanda varlanmasının sirli səbəbləri də heyrət doğurur....
Bu və ya digər məlumatlarla bağlı araşdırmalarımız davam etdiriləcək.
.
