"Beynəlxalq Şəffaflıq” təşkilatı iyulun 3-ü Brüsseldə Azərbaycan və Moldova üzrə "Milli inteqrasiya sisteminin qiymətləndirilməsi – 2014” adlı hesabatını təqdim edib.
Hesabata görə, korrupsiya həm Azərbaycanın, həm də Moldovanın Avropa Birliyi ilə siyasi və iqtisadi münasibətlərini laxladıb.
"Azadlıq” radiosu xəbər verir ki, hesabatda Azərbaycan iqtisadiyyatının neft gəlirindən həddən artıq asılı olduğu bildirilir. Hesabata görə, Azərbaycan təbii sərvəti çox olan bir sıra ölkələr kimi korrupsiyadan ziyan çəkir. Qeyd olunur ki, Azərbaycanda korrupsiya riskləri böyükdür: "Həyəcan doğuran isə bunu izləməli olan qurumların – vətəndaş cəmiyyətinin, media və siyasi partiyaların zəif olmasıdır. Parlamentdə bunu izləməli qurumlar, Hesablama Palatası və Ombudsman Aparatı kifayət qədər müstəqil deyil və qanunun təmin etdiyi səviyyədə öz güclərindən istifadə edə bilmirlər.
Bununla belə korrupsiya ilə mübarizədə bəzi ümidverici inkişaf var. Son illər hökumət korrupsiya ilə mübarizədə elektron xidməti tətbiq edib, "bir pəncərə” sisteminə söykənən ictimai xidmət mərkəzləri yaradıb, biznes qeydiyyatını sadələşdirməklə özəl sektorda biznes mühitini yaxşılaşdırıb”.
"Şəffaflıq Azərbaycan” təşkilatından "Media forum” saytına verilən məlumata görə, hesabat Azərbaycanda iyulun 25-i təqdim ediləcək.
.
