İngiltərə İşçi Partiyasının sədri Jeremi Korbi Türkiyə əleyhinə bəyanatla gündəmə gəlib.
Türkiyə mediası xəbər verir ki, Korbi "Channel 4” kanalına müsahibəsində NATO nizamnaməsinin 5-ci maddəsinin Türkiyə üçün istifadə edilməməsini təklif edib.

"Baş verəcək bir qarşıdurmada ingilis əsgərləri dəstək vermək məcburiyyətində deyil”, - o deyib.
Türkiyənin qonşuları ilə münasibətlərinin yaxşı olmadığını, ancaq bir NATO üzvü olduğunu söyləyən müxalifət lideri İngiltərənin bir başqasının hərəkətlərinə görə avtomatik olaraq müharibəyə daxil olmayacağını vurğulayıb.
"NATO nizamnaməsinin 5-ci maddəsi təhlükə qarşısında olan bir üzvə dəstək verilməsini nəzərdə tutur. Ancaq bu, Hər zaman əsgər göndərilməsi anlamına gəlmir. Bütün prosesi araşdırmaq lazımdır”, - Korbi qeyd edib.
NATO nizamnaməsinin 5-ci maddəsinə görə, ittifaqın bir üzvünə edilən hücum bütün üzvlərə hücum olaraq qəbul olunur və kollektiv müdafiəni nəzərdə tutur. Bu maddə ittifaqın tarixində yalnız bir dəfə - ABŞ-a 2001-ci il 11 sentyabr hücumlarından sonra tətbiq edilib.
Ankara 2012-ci ildə Suriya ordusu tərəfindən Türkiyəyə aid kəşfiyyat təyyarəsinin vurulması da daxil olmaqla zaman-zaman 5-ci maddəni tətbiqini gündəmə gətirib, ancaq bu tələblər ittifaq üzvləri tərəfindən qəbul edilməyib.

.