Böyük Britaniya Roman Abramoviç və Oleq Deripaska da daxil olmaqla yeddi oliqarxa qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki biznes imperiyaları və Kremllə sıx əlaqələri olan Rusiyanın ən zəngin və ən nüfuzlu yeddi oliqarxının aktivləri tam dondurulur və onlara səyahət qadağası tətbiq olunur.
“Böyük Britaniyanın Putini və onun ətrafındakıları təcrid etmək səylərinin bir hissəsi olaraq, ümumi sərvəti təxminən 15 milyard funt sterlinq olan bu oliqarxların Böyük Britaniyadakı aktivləri dondurulacaq, onlara səyahət etmək qadağan ediləcək. Eyni zamanda, Britaniya vətəndaşı və ya şirkətlərinə bu oliqarxlarla iş görmək qadağan edilir”.
Siyahıda “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç (“Evraz” və “Norilsk Nikel”də payları var), Oleq Deripaska (“En+Group”da payı var), İqor Seçin (“Rosneft”in icraçı direktoru) Andrey Kostin (VTB bankın sədri), Aleksey Miller (“Qazprom”un icraçı direktoru), Nikolai Tokarev (“Transneft”in prezidenti) və Dmitri Lebedev (“Bank Rossiya”nın Direktorlar Şurasının sədri) adı var.
.
