Birləşmiş Krallıq keçən ilki münaqişədən sonra Dağlıq Qarabağ bölgəsində və ətrafındakı ərazilərdə minaların təmizlənməsi, ərazinin təhlükəsizliyin təmin olunması, xəsarətlərin qarşısının alınması və həyatların xilas edilməsi üçün yarım milyon funt sterlinq ayırıb.
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən APA-ya verilən xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına verilən vəsait mina təmizləməsini dəstəkləmək və Dağlıq Qarabağda və ətrafındakı bölgələrdə çirklənmiş əraziləri insanların istifadəsi üçün təhlükəsiz hala gətirmək üçün təlim və kadr hazırlığına kömək edəcək.
“Bölgədəki müsbət dəyişikliyə doğru fəaliyyətlərin aparıcı qüvvəsi olaraq Birləşmiş Krallıq 2020-ci il Dağlıq Qarabağ münaqişəsindən sonra humanitar dəstəyi elan edən ilk ölkə olmuş və zərər çəkmiş insanları dəstəkləmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 1 milyon funt sterlinq ianə edib.

Hazırda isə Birləşmiş Krallıq münaqişə və ya partlamamış hərbi sursat səbəbi ilə evlərindən didərgin düşən əhalinin öz həyatlarını yenidən qurmasına və bölgəyə qayıtmasına kömək etməsinə dəstək olmaq üçün digər ölkələri də BMT-nin təşəbbüsünü dəstəkləməyə çağırır”, - deyə qeyd olunub.

Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton qeyd edib ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir: “Birləşmiş Krallığın ayırdığı vəsait BMT-nin təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verərək Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan olan kollektiv səyləri dəstəkləməyə çağırırıq”.

Məlumatda o da qeyd olunub ki, bölgədə həyat üçün ciddi təhlükə yaradan xeyli sayda mina və partlamamış hərbi sursat qalmaqdadır. Birləşmiş Krallıq Ermənistanı və Azərbaycanı bütün dünyada minalardan istifadəni ləğv etməyə çalışan Ottava müqaviləsini imzalamağa dəvət edib.

.