İyunun 20-də Böyük Britaniyanın nüfuzlu "The Telegrapf” qəzetində dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən "Həyata keçməyən arzular” adlı fotosərgisinə dair müsahibəsi və fotosessiyası dərc edilib.
Virtualaz.org saytı xəbər verir ki,Ed Kaşi Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəvəti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin didərginlik həyatlarını fotoobyektivə almaq üçün Azərbaycanda səfərdə olub. Fotoqraf "The Telegrapf”a verdiyi müsahibədə Azərbaycan qaçqın və məcburi köçkün problem ilə üzləşən ilk keçmiş sovet ölkəsi olduğunu bildirib.
"Qaçqınlar Ermənistandan, məcburi köçkünlər isə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayondan olan etnik azərbaycanlılardır” - deyə Kaşi vurğulayıb.
E.Kaşinin sözlərinə görə, hazırda Azərbaycan dünya ölkələri sırasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdədir.
Müəllifin "Həyata keçməyən arzular” adlı fotosərgisi AAC tərəfindən London və Brüsseldə təşkil olunub. Ötən həftədən etibarən isə Ümumdünya Qaçqınlar Günü münasibətilə Parisdə sərgilənir.
AAC 2008-ci ilin noyabr ayında işə başlayıb, ondan 4 il öncə isə London Azərbaycan Cəmiyyəti kimi fəaliyyət göstərib. AAC (www.teas.eu) Avropada Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək məqsədilə Böyük Britaniyada təsis edilmiş və mərkəzi ofisi Londonda yerləşən ümumavropa təşklatıdır. Cəmiyyətin Azərbaycan, Belçika, Almaniya, Fransa və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. AAC-in yaradıcısı və rəhbəri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.
.
