BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) arasında milli valyutalarla ticarət hesablaşmalarının payını artıracaq sazişin bağlanması Yohannesburqda keçiriləcək assosiasiya sammitində müzakirə oluna bilər.
Bu barədə "Financial Times" müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, dövlətlər vahid valyuta yaratmaq və ya dollardan imtina etmək istəmirlər:
"Dedollarizasiya məsələsi qarşıdan gələn BRICS sammitinin gündəliyində yoxdur. Yerli valyutalarla ticarətdə əməkdaşlığın dərinləşdirilməsi ideyası üzərində işlər davam etdiriləcək. Ölkələr daha çox maliyyə çevikliyinə malik olmaq və dollardan daha az asılı olmaq istəyirlər", - məqalədə vurğulanıb.
Assosiasiya sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçiriləcək və Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin lideri var.
