Türkiyədə İsrailə neft və neft məhsullarının satışı ətrafında siyasi mübahisələr davam edir.
Virtualaz.org xəbər evrir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlunun Azərbaycan neftini İsrailə daşımaqla məşğul olduğu barədə iddialardan sonra hökumət bu işdə əli olduğunu inkar edib. Hökumət rəsmiləri Türkiyə üzərindən İsrailə neft satışını təsdiq etsələr də deyiblər ki, bu satışı hökumət yox, Türkiyədə fəaliyyət göstərən xarici şirkətlər həyata keçirir. Türkiyə hökuməti bildirir ki, Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql olunan Azərbaycan neftinin kimə satılması məsələsinə qarışa bilməzlər.
BTC-nin operatoru olan BP şirkətinin Türkiyədəki törəmə şirkəti "BP Turkey”in icraçı direktoru Murat LeCompte bildirib ki, onların da İsrailə neft satışı ilə əlaqəsi yoxdur. "Biz BTC ilə nəql olunan neftin İsrailə satışını həyata keçirmirik. BTC-nin ortaqlarından biri də bizik, ancaq hər ortaq öz payına düşən nefti özü satır. BP-nin BTC-dən neft satışları əsasən İtaliya və İspaniyaya həyata keçirilir. Türkiyənin Ceyhan limanından İsrailə bilavasitə neft satışı həyata keçirilmir. Neft alqı-satqısına dair müqavilələlər London birjasında broker şirkətlər vasitəsilə bağlanır” deyə o bildirib. BP Türkiyə şirkətinin icraçı direktoru deyib ki, İsrail neft ehtiyacının böyük hissəsini Azərbaycanın hesabına təmin edir. Bu satışlar birbaşa və ya broker şirkətlər vasitəsi ilə həyata keçirilir.
Türkiyənin "Botaş İnternational Limited” şirkətinin təmsilçisi Hüseyn Sağır daİsrailə neft satışında rollarının olmadığını bildirib. "Biz BTC boru xəttinin işlədilməsini həyata keçiririk. Lakin bu kəmərlə nəql edilən neftin kimə satıldığına qarışa bilmərik. "Botaş” BTC-dəki ortaqlarından gələn təlimat əsasında nefti satır, ümumiyyətlə BTC ilə nəql olunan neftin kimə satılması məsələsində Türkiyənin söz haqqı yoxdur” deyə o bildirib.
21-ci əsr Düşüncə İnstitutunun enerji məsələləri üzrə eksperti Tuğce Varol Sevim isə deyib ki, internetdə sadə araşdırma aparmaqla İsrailin neftə olan tələbatının 40 faizindən çoxunu Azərbaycanın hesabına təmin etdiyini görmək mümkündür. "Müqavilə şərtlərinə görə Türkiyənin BTC ilə nəql olunan neftin kimə satılmasına qarışmaq ixtiyarı yoxdur. Azərbaycan ev sahibi ölkə olduğu üçün neftin kimə satılmasında söz sahibidir, Türkiyə onsuz da buna qarışa bilməz” deyə ekspert bildirib.
İsrailə Türkiyə üzərindən neft satışı məsələsi Qəzzada aparılan əməliyyatlarla bağlı gündəmə gəlib. Baş nazir Ərdoğanın gündə bir neçə dəfə İsraili lənətləməsinə cavab olaraq müxalifət bildirib ki, baş nazir bu məsələdə səmimi deyil. Çünki onun oğlu İsrailə neft daşımaqla məşğuldur. Üstəlik Qəzza əməliyyatları ərəfəsində İsrailin Türkiyənin Mersin limanından bir neçə dəfə tankerlə qırıcı təyyarələr üçün yanacaq-kerosin daşıdığına dair sübutlar var.
.
