Azərbaycanda hemodializ qəbul edən xəstələrin 30 faizə qədərində böyrək xəstəliyinə səbəb şəkərli diabet olub. Bütün dünyada olduğu Azərbaycanda da dializ qəbul edən xəstələrin yaş həddi 6 yaşla 82 yaş arasında dəyişir.Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, martın 12-də bütün dünyada, eləcə də Azərbaycanda Ümumdünya Böyrək Günü qeyd edilir. Rəsmi statistikaya görə, Azərbaycanda 35-55 yaş arasında olan insanlarda daha çox böyrək çatışmazlığı xəstəliyi qeydə alınır.
Nazirlikdən onu da qeyd ediblər ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 32 mərkəzdə, o cümlədən regionlarda yaradılmış 25 mərkəzdə 2600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə təmin olunurlar. Ötən il Astara, İsmayıllı və Tovuzda hemodializ mərkəzi istifadəyə verilib. Ötən il 61 böyrəkköçürmə əməliyyatı aparılıb.
Onu da qeyd edək ki, böyrək xəstəlikdən əziyyət çəkənlər arasında kişilərin sayı üstünlük təşkil edir. Xroniki böyrək çatışmazlığı (XBÇ) hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri və bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nin baş verməsinə səbəb ola bilər.
Xatırladaq ki, Nazirlər Kabinetin 26 noyabr, 2010-cu il tarixli, 227 saylı qərarı ilə 2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı təsdiqlənib. Həmin proqramın icrası bu il başa çatır..
