
Sentyabrın 22-si Nyu-Yorkda BMT Baş Assambleyasının "Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyası keçiriləcək.
Sessiyada Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
1994-cü ildə Misirin Qahirə şəhərində keçirilmiş "Əhali və inkişaf üzrə konfrans”da əhali sakinliyi sahəsində aktual problemlərin həlli ilə bağlı dünya ictimaiyyətinin vahid mövqeyi formalaşıb və tədbirin yekunu olaraq "Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı” qəbul edilib. Proqram əhali və davamlı inkişaf, daxili və beynəlxalq miqrasiya, demoqrafik problemlər, gender bərabərliyi, reproduktiv sağlamlıq, təhsil və s. kimi sosial yönümlü problemlərin həllinə yönəlib. Sənəddə dünya ölkələrində müxtəlif əhali qruplarının (gənclər, ahıllar, əlilliyi olan şəxslər və s.) ehtiyaclarının ödənilməsi məsələsi də əksini tapıb.("Media forum")
.