Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi BMT-nin baş katibi postuna namizəd olmaq niyyətindədir.

R.Qrossi bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində “France-Presse” agentliyinə müsahibəsində danışıb. 

“BMT hazırda çətin vəziyyətdədir. İnanıram ki, təşkilatın əhəmiyyət kəsb etməsi üçün nələrsə etmək mümkündür”, - AEBA rəhbəri bildirib.

2019-cu ildən AEBA -ya rəhbərlik edən Qrossi mümkün qədər çox dəstək əldə edəcəyinə ümid etdiyini vurğulayıb. 

Xatırladaq ki, bundan əvvəl, “Bloomberg” agentliyi təşkilatın növbəti baş katibinin ilk dəfə qadın ola biləcəyini yazmışdı

Onu da bildirək ki, BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Elə həmin il BMT Təhlükəsizlik Şurası baş katib postuna namizəd irəli sürməlidir. Yeni baş katib isə 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlamalıdır.

.