BMT-nin Beynəlxalq Məhkəməsində 18-19 oktyabr tarixlərində Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesləri üzrə dinləmələr keçiriləcək.

Bu barədə məhkəmənin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilir ki, 18-19 oktyabr tarixlərində keçiriləcək dinləmələr Azərbaycan tərəfindən irəli sürülən müvəqqəti tədbirlərin tətbiqinin tələbi ilə bağlı olacaq.

Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyaya uyğun olaraq BMT-nin Beynəlxalq Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb. İddiada Azərbaycan torpaqlarının Ermənistanın işğalı müddətində davam edən və işğaldan sonrakı aylarda yaranmış irqi ayrı-seçkilik ittihamları yer alıb.

Azərbaycan XİN-in məhkəmə iddiası ilə bağlı açıqlamasında bildirilib ki, Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra, azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib:

"Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulub. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinib.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam edib".

.