BMT-nin hüquq müdafiəçilərinin vəziyyətinə dair məsələ üzrə xüsusi məruzəçisi Mişel Forst "Azərbaycanda tanınmış hüquq müdafiəçilərinə qarşı amansız təqiblər və repressiyaları” tənqid edib və 12 iyuna – Avropa Oyunları başlayana qədər onların dərhal azadlığa buraxılmasına çağırıb.
"Hakimiyyət hüquq müdafiəçilərinə qarşı təqibləri və onların həbsini artırıb, onların ölkədən çıxışına qadağa qoyub, bank hesablarını dondurub”, - Frostun bəyanatında deyilir. Bu barədə BMT-nin saytında məlumat verilib.
"Bütün bu hərəkətlər uydurma və ya dövlətə xəyanət, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə kimi siyasi motivli ittihamlarla həyata keçirilir”, - Forst vurğulayıb.
"Nəticədə azərbaycanlı hüquq müdafiəçilərinin əksəriyyəti məhkəməyə qədər uzunmüddətli həbsə məruz qalıb, azadlıqdan məhrum edilib”.
BMT eksperti İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Bəşir Süleymanlı, Elnur Məmmədov, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Rəsul Cəfərovun işlərini xatırladıb.
Onlar korrupsiyanı, insan hüquqlarının pozulmasını və seçkilərin saxtalaşdırılmasını ifşa etdiklərinə görə "günahkardırlar”.
"Hakimiyyətin ifadə, toplaşma azadlığını durmadan pozmaq, demokratiya üçün məkanı məhdudlaşdırmaq səyləri dərin narahatlıq doğurur”, - Frost qeyd edib.
"Azərbaycan hökuməti Avropa Oyunlarının sahibi kimi azadlıq ideallarına sadiq olduğunu nümayiş etdirməli, hüquq müdafiəçilərini azad etməlidir”, - məruzəçi vurğulayıb.
"Mən həmçinin idmançıları, idman həvəskarlarını və Oyunların tərəfdarlarını azərbaycanlı hüquq müdafiəçiləri ilə həmrəy olmağa, onların dərhal azadlığa buraxılması barədə çağırışlara qoşulmağa səsləyirəm”, - o bildirib.
M.Forstun Azərbaycan hökumətinə müraciətini dinc toplaşma və assosiasiya məsələsi üzrə xüsusi məruzəçi Mayn Kiai və ifadə azadlığı hüququnun müdafiəsi məsələsi üzrə xüsusi məruzəçi Devid Key təqdir ediblər.
* Mişel Forst (Fransa) 2014-cü ilin iyununda BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi təyin edilib.

.