“Bəşəriyyətin yaşaması insanların suyu necə idarə etməsindən asılıdır”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Su ehtiyatları üzrə Konfransının bağlanış mərasimindəki çıxışında bildirib.

Onun sözlərinə görə, su qlobal siyasi gündəmin mərkəzində olmalıdır: “Bəşəriyyətin gələcəyə olan bütün ümidləri bu və ya digər şəkildə su ehtiyatlarının davamlı idarə edilməsi və qorunması üçün yeni kursun müəyyən edilməsindən asılıdır”.

Qeyd edək ki, BMT-nin sonuncu hesabatında qeyd olunub ki, dünya əhalisinin 26%-nin - 2 milyard insanın təhlükəsiz içməli suya, 46%-nin - 3,6 milyard insanın isə əsas sanitariya şəraitinə çıxışı yoxdur.

BMT-nin araşdırmaları da göstərir ki, dünya əhalisinin demək olar ki, yarısı təmiz içməli su içə bilmir. 2030-cu ilə qədər isə dünya əhalisi ciddi su qıtlığı yaşayacaq.

Xatırladaq ki, Azərbaycanı konfransda ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfrans çərçivəsində “Azərbaycanda transformativ tədbirlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağı sürətləndirmək üçün su sektorunda həyata keçirilən islahatlar, maraqlı tərəflərin iştirakı və innovasiyanın tətbiqi" adlı tədbir keçirilib. Tədbir Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Miqrasiya Təşkilatı, Arizona Dövlət Universitetinin dəstəyi ilə keçirilib.

.