BMT–nin hesabatına görə, son ildə 7 minə yaxın insan mina partlayışlarından həlak olub, yaralanıb. Azərbaycanda isə son 1 il yarımda 100-dən çox belə hal qeydə alınıb.
Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Şəxslərin fərdi təhlükəsizliyi, icmaların təhlükəsizliyi üçün minalardan təmizlənmə vacibdir. Hamımız evə qayıtmaq istəyirik, amma ətraf minalardan təmizlənməyibsə, insan özünü evində hiss edə bilməyəcək. Mina təhlükəsi çox böyükdür. Biz minalardan azad dünya qurmalıyıq, səylərimizi birləşdirməliyik”.
Vladanka Andreeva minatəmizləmə işləri ilə məşğul olan şəxslərin təchizatının da vacib olduğunu diqqətə çatdırıb: “Bizim Azərbaycanla sıx əməkdaşlığımız var. Əsas məsələlərdən biri minaların təmizlənməsinin digər sahələrə inteqrasiyasıdır. Minalardan əziyyət çəkənlərin problemləri həll olunmalıdır”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ANAMA ilə əməkdaşlığın nəticələrini də açıqlayıb: “ANAMA ilə əməkdaşlığımız xüsusidir, donorların maliyyələşdirməsi nəticəsində 33 min hektar minalardan təmizlənib. İllər ərzində 160 minə yaxın insan doğma yurd-yuvasına qayıdıb. Biz 100 minlərlə insana təlimlər keçmişik, onlardan 33 minə yaxını uşaqdır.
Biz BMT olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik ki, hər bir qadın, uşaq, kişi öz evində təhlükəsiz yaşasın”.
Aİ: Azərbaycana minaların təmizlənməsi üçün daha çox vəsait ayırmağa hazırıq
“Biz minalardan təmizlənmə sahəsində ANAMA-nı dəstəkləyir, UNDP ilə sıx əməkdaşlıq edir, öz təcrübələrimizi bölüşürük”.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, Azərbaycanla Aİ arasında ekoproqram çərçivəsində əməkdaşlıq olduğunu bildirib: “Biz münaqişələrdən əziyyət çəkənlərin ehtiyaclarını ödəməyə çalışırıq. ANAMA-ya 2,5 milyon avro yardım göstərmişik ki, bunun da 1.5 milyonu humanitar minalardan təmizlənmə üçün ayrılıb. Bundan başqa, UNİCEF vasitəsilə 500 min avro ayırmışıq. Cənubi Qafqazın, Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, əhalinin qayıdışı və bu ərazilərdən səmərəli istifadə üçün vacibdir”.
Mixalko daha çox vəsait ayırmağa hazır olduqlarını deyib: “Biz ANAMA və UNDP ilə sıx işləyirik. Aİ çox yaxşı başa düşür ki, müharibə nə deməkdir, onun nəticələri nədir. Minalar dəhşətli silahdır və hərbçi ilə mülki əhali arasında fərq qoymur. Bunun üçün də mina qurbanlarının 80 faizi uşaqlardır. Minalardan təmizlənmə insanlar üçün lazımdır, əhalinin gələcəyi üçün bu problemlər həll olunmalıdır. Biz Ottava Konvensiyasını dəstəkləyirik, 27 Aİ üzvü bu Konvensiyanı ratifikasiya edib. Biz Azərbaycanın və digər Qafqaz ölkələrinin bu Konvensiyaya qoşulmasını dəstəkləyirik, Avropa İttifaqı Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək, minatəmizləməyə, bərpa və quruculuq işlərinə də öz köməyini göstərəcəkdir”.
Haydi Kün: “Ən dəhşətli minaları Azərbaycanda görmüşəm”
“Mən ən dəhşətli minaları Azərbaycanda görmüşəm. Bu minaları kimin qoyması barədə danışmaq istəmirəm, bu minaları nəinki Azərbaycandan, hər yerdən təmizləməliyik”.
Bunu “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Haydi Kün Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, BMT-nin digər dayanıqlı inkişaf məqsədi minalardan təmizlənmə olmalıdır.
.
