
Blogger Mehman Huseynovu ATƏT-in konfransında iştirak üçün Tiflisə yola düşərkən aeroportda saxlayıblar. Ona pasportunun sistemdə olmadığını, saxta olduğunu deyiblər.
Bu barədə jurnalist Xədicə İsmayılova facebook səhifəsində yazıb: "İndi aeroportun polis idarəsinə aparırlar. Mehman Hüseynov üzərindəki səyahət qadağasının qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Ona müraciətinə müstəntiqin baxdığı haqda cavab gəlmişdi. Müstəntiq də belə baxıbmış”.
Son üç ildə blogger Mehman Hüseynova səfər qadağası qoyulmuşdu. Ona polisə müqavimət ittihamı irəli sürülmüşdü, istintaqın getdiyi bildirilirdi.
"İstintaqın müddəti limiti keçdiyindən Hüseynov qadağanın götürülməsi üçün müraciət edib. Prokurorluq bu məsələnin polis müstəntiqinə aid olduğunu deyib. Polisdən cavab gəlməyib. Konfrans bu gün başlandığından Mehman sərhəd xidmətinin reaksiyasını yoxlamağa cəhd edib. İndi isə dövlət onun vətəndaşlıq pasportunu tanımır” - Xədicə İsmayılova yazıb.
Mehman Hüseynov radioya deyib ki, hazırda aeroportun polis idarəsində olduğundan danışa bilmir. O, Səbayel Rayon Polis İdarəsinə təhvil veriləcəyini bildirib.
Mehman Hüseynovla əlaqə saxlanılıb. Bloggeri hava nəqliyyatı polisindən qolu qandallı çıxarıblar. Bu barədə radioya onun nümayəndəsi, RATİ-nin hüquqşünası Günay İsmayılova məlumat verib.
Günay İsmayılovanın sözlərinə görə, Mehman Hüseynovun pasportu 2019-cu ilədək etibarlıdır ("Azadlıq" radiosu).
.