Bloger Mehman Hüseynov iyulun 7-də səhər saat 09.25-də Xaqanı küçəsində (Hesablama Palatasının binası ilə üzbəüz) oğurlanıb.
Oğurlanma anını Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı görüb və Hesablama Palatasının izləmə kameraları çəkib.
M.Hüseynovu oğurlayanlar onu qara rəngli cip Prado avtomobilinə əyləşdirərək başqa ağ rəngli maşının müşayiətilə aparıblar.
RATİ-nin direktoru Emin Hüseynov Turan-a bildirib ki, oğurlanma barədə DİN-in 102 saylı xidmətinə məlumat verilib. Oğurlanma işi ilə Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsi məşğul olur.
RATİ-nin əməkdaşları iki gün ərzində təşkilatın ofisinin həyətində şübhəli adamların olduğunu görüblər, izləmə kamerası onları çəkib. Şənbə günü onlardan biri RATİ-nin ofisinə gələrək özünü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edib və Mehman Hüseynovun yerini soruşub. Ondan vəsiqəsini tələb etdikdə naməlum şəxs aradan çıxıb.
"Şənbə günü biz Nəsimi polisinə zəng edərək Mehmanı axtarıb-axtarmadıqlarını soruşduq. Bizə cavab verdilər ki, onu heç kim axtarmır”, - RATİ-nin rəhbəri bildirib.
İyunun 18-də M.Hüseynov Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Bu barədə bildiriş Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi kapitan Babək Rüstəmovun adından göndərilib. Bildirişin yalnış tərtib edildiyi məlum olanda növbəti gün müstəntiq anlaşılmazlıq olduğunu bildirərək polisə gəlməyi ləğv edib.
2012-ci il iyunun 12-də "Eurovision” mahnı müsabiqəsindən sonra E.Hüseynov polis əməkdaşına qarşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Əslində isə həmin polis əməkdaşı onun etiraz aksiyasını işıqlandırmasına maneçilik törədib.
İki gündən sonra E.Hüseynovu buraxıblar. Lakin iş bağlanmadığından o, xaricə gedə bilməyib.
2013-cü il oktyabrın 2-də prezident seçkiləri ərəfəsində E.Hüseynovu prokurorluğa çağıraraq prezidentliyə namizədlərlə bağlı satirik videoçarx yayımına görə xəbərdarlıq ediblər.
M.Hüseybov "Sancaq” satirik bloqunu yaradıb. Hakimiyyət nümayəndələri dəfələrlə ona xeyli məbləğin müqabilində öz saytını satmağı ya da bağlamağı təklif ediblər.
.