
İsveçrə hakimiyyəti hazırda FİFA prezidentinin səahiyyətlərini icra edən Yozef Blatterin Sürixdəki kabinetindən kompüterini müsadirə edib.
Virtualaz.org saytı xəbər verir ki, FİFA mənzil-qərargahında aparılan axtarış zamanı təşkilatın baş katibi Jerom Valkenin və digər məsul şəxslərin də kompüterləri müsadirə olunub.
Texnika müsadirə edilən elektron daşıyıcılarla birlikdə İsveçrə baş prokurorluğunun ofisinə təhvil verilib. Prokurorluğun rəsmi nümayəndəsi Blatterin kompüterinin təhvil verildiyini təsdiq edib, ancaq onun barəsində təhqiqatın gedişi haqda açıqlama verməyib.
Blatterin FİFA rəhbərliyində korrupsiya qalmaqalına dair təhqiqatda fiqurant kimi yer aldığı hələlik rəsmən təsdiqlənmir, ancaq xəbərlərə görə onun ətrafında dairə qapanmaqdadır və uzağı 1-2 aya qoluna qandal vurulacaq.
Avropa Parlamenti isə iyunun 10-da axşam FİFA-dakı korrupsiyaya dair dinləmələr keçirib. Dinləmələr zamanı qətnamə layihəsi hazırlanıb və orada Blatterdən təşkilatdan dərhal uzaqlaşmaq tələb olunur.
Avropa Parlamenti bildirir ki, Blatter yeni prezidentin seçilməsini gözləmədən səlahiyyətlərini təhvil verməlidir və FİFA-ya müvəqqəti rəhbər təyin edilməlidir.
Habelə qətnamə layihəsində 2018-ci il və 2022-ci il dünya çempionatlarının Qətər və Rusiyada keçirilməsinə dair qərarlara yenidən baxılmasına çağırılır. Qətnamənin bu gün qəbul ediləcəyi gözlənilir.