Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Emil Xudaverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 25-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyulun 25-də Qara Qarayev prospektində üzərində zorakılıq əlaməti görünən (baş nahiyəsinin küt alətlə əzilmiş xəsarət olan) təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib.
Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətə aydınlıq gətirilib. Qətlə yetirilən şəxsin Gürcüstan vətəndaşı, 1966-cı il təvəllüdlü Zviadi Kentçoşvili olduğu müəyyən edilib. Hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev isə respublikadan qaçmaq istəyərkən Qazax sərhəd keçid məntəqəsində saxlanılıb.
Məlum olub ki, onlar hadisə baş verən gün bir yerdə içki içiblər. Sonradan aralarında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Nəticədə Emil Xudaverdiyev gürcü dostunu başına küt alətlə zərbə endirməklə öldürüb.

.