Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib.

İsraildəki daxili xaosla bağlı olaraq ölkənin əsas hava limanı olan Ben Qurion hava limanının işi iflic olub.

İsrailə uçuşlarının bir hissəsini ləğv edən aviaşirkətlər arasında məşhur “Air Canada”, “Turkish Airlines”, “Finnair”, “Wizz Air”, “Etihad” və “Emirates” də var.

Xatırladaq ki, İsraildə məhkəmə islahatlarına qarşı etiraz aksiyaları başlayıb. Martın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə kortəbii etirazlar keçirilir.

Y.Qalant işdən çıxarılmazdan bir gün öncə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Bundan sonra B.Netanyahu müdafiə nazirini istefaya göndərib.

Hökumət əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. B.Netanyahu israr edirdi ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

Martın 27-də B.Netanyahu məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb. Baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.

B.Netanyahunun rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ də baş tutmayıb.

Son məlumata görə, nümayişçilər İsrail parlamentinin binasına daxil olublar.

Qeyd edək ki, daha əvvəl İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından xarici uçuşlar dayandırılmışdı.

.