Regionda rəqabətə yox, əməkdaşlığa ehtiyacımız var.

Bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

B. Yıldırım bildirilib ki, Azərbaycan-Ermənistan münaqişəsi bitdikdən sonra regionda altı ölkənin iştirakı ilə “altılıq platforması”nın yaradılması təşəbbüsü irəli sürülüb.

“İnfrastruktur yerindədir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP-ı əhatə edən Cənub Qaz Dəhlizinin tamamlanması. Bunlar beynəlxalq layihələrdir və Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirir. Bizim əsas missiyamız və məqsədimiz region ölkələrini bir araya gətirmək, xalqların rifahını yüksəltmək və dostluğu gücləndirmək, eyni zamanda düşmənçiliyi aradan qaldırmaqdır. Təbii ki, növbəti mərhələ qlobal sülhə töhfə verməkdir. Türkiyə çox strateji mövqedədir. Ətrafımızda – Suriyada, İraqda, Liviyada münaqişələr var. Əfqanıstandakı vəziyyəti də unutmaq olmaz. Biz adıçəkilən ölkələrdə xaosun, münaqişənin aradan qaldırılması üçün səylər göstərmişik. Cənubi Qafqazda sülh və əmin-amanlığı gücləndirmək üçün töhfələr veririk və bu istiqamətdə səylərimiz davam edir. Həmçinin Balkan regionunda da bu səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Balkanların təhlükəsizliyi Avropanın təhlükəsizliyi üçün önəmlidir. Avropa İttifaqı keçmişdə etdiyi ağrılı səhvləri təkrarlamaqdan çəkinməli, məsələyə detallı şəkildə yanaşmalıdır”, - deyə o qeyd edib.

.