"Bakı-Astara yolunun üstündəki obyektimin qarşısı elə hasarlanıb ki, obyekt görünmür. 2 ildən çoxdur gəlirim kəsilib, müflisləşmişəm”.
Yenizaman.az xəbər verir ki, bunu "Azadlıq” radiosunun "Qaynar xətt”inə şikayətində biləsuvarlı sahibkar Vüqar İsayev deyib.
V.İsayev deyib ki, icra başçısı Biləsuvar-Astara yolunun kənarında yerləşən və sahibkarlara məxsus olan obyektlərin qarşısını hasarlatdırıb. Bununla da sahibkarlar qazancdan məhrum olublar.
Vüqar İsayevin sözlərinə görə, yol kənarında vaxtilə tikdirdiyi obyektdən uzun illər yeməkxana və çayxana kimi istifadə edirmiş: "Əvvəl gəlib işıqları kəsdilər. Ora-bura şikayət edəndən sonra təklif etdilər ki, pul yığıb özümüz yenidən işıq çəkdirək. Əlacsız qalıb çəkdirdik. Bundan sonra başladılar yol kənarını hasarlamağa. 3-4 metr hündürlüyündə hasarlar çəkdilər. Obyektlərə isə yol qoymadılar. Gündəlik qazanc mənbəyimiz olan maşın təmiri sexləri, yeməkxanalar, çayxanalar hasarın arxasında qaldı. İşlək obyekt idi. O yol cənub rayonlara gedən yollardır. Hər gün xeyli müştərimiz olurdu. Tək mən deyiləm, məndən başqa xeyli sahibkar var ki, eyni zərbə onlara da dəyib. Şəxsən mən obyekti işlətmək üçün banklardan götürdüyüm kreditləri nəinki ödəyə bilmirəm, faizi içində itib-batmışam. Neçə nəfərlik ailəni də tək saxlayıram”.
Biləsuvar Rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsindən isə bildirilib ki, həmin obyektlər Astara magistral yolunun üstündə olduğundan yollarda və kənarlarında abadlaşma işləri başlananda sahibkarlara da obyektlərini abadlaşdırmaq tapşırılıb. Bəziləri tapşırığı yerinə yetirsə də bəzi sahibkarların obyektləri əvvəlki vəziyyətdə qalıb. Qurumdan onu da bildiriblər ki, obyektlərə giriş-çıxış yolları qoyulub.
Vüqar İsayev isə deyir, məhkəməyə müraciət edib hasar çəkiləndən indiyədək itirdiyi gündəlik qazanclarını tələb edəcək.
Xatırladaq ki, Biləsuvar RİH-in başçısı Mahir Quliyevdir. M.Quliyev 1958-ci ildə Kəlbəcərdə doğulub. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz-tikinti idarəsində fəhlə, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak Cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1980-1981-ci illərdə "Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə "26 Bakı Komissarı” adına rayonun İctimai İaşə İdarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbayel bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara RİH başçısı vəzifələrində işləyib. 26 aprel, 2011-ci ildə Biləsuvar RİH başçısı vəzifəsinə təyin edilib.
.