
"City Hospital”ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyev və onun idmançı dostları tərəfindən döyülərək ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Aslan və Azər Cəfərov qardaşlarının qohumları bu gün səhər Prezident Administrasiyasının (PA) qarşısına toplaşıb.
Virtualaz.org saytının hadisə yerində olan müxbiri xəbər verir ki, Cəfərov qardaşlarının məqsədi qarşılaşdıqları haqsızlıqla bağlı rəhbərliyə məlumat verməkdir.
Azər və Aslan Cəfərovların digər qardaşı Samil Cəfərov və əmisi şikayətlərinin dinlənilməsi üçün PA-nın qəbul otağına dəvət olunub. Onların şikayətləri dinlənilib.
Görüş barədə məlumat verən Samil Cəfərov virtualaz.org saytına bildirdi ki, onların şikayətləri dinlənildikdən sonra Baş Prokurorluqla əlaqə saxlanılıb. PA-dan onların qəbul edilməsi ilə bağlı Baş Prokurorluğa göstəriş verilib.
PA-dan Baş Prokurorluğa yollanan Cəfərovların qohumları oradan aldıqları cavabdan təəccübləniblər. Belə ki, Baş Prokurorluğun qəbul şöbəsində prokuror Kamal Qılıcovun qəbulunda olan Samil Cəfərov onları heyrətləndirən cavab alıb.
S.Cəfərov virtualaz.org saytına görüş barədə bunu dedi: "Kamal Qılıcov bizim şikayəti dinləyən kimi dedi günahınız var ki, qardaşınız həbs edilib, günah sizdə olub, ona görə də qardaşınız həbs olunub. Biz yenidən Prezident Administrasiyasına gedəcəyik. Bir daha şikayət edəcəyik. Bizə qarşı aşkar haqsızlıq var”.
Xatırladaq ki, sözügedən hadisə bu il avqust ayının 5-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 saylı binanın qarşısında baş verib. Hadisə zamanı 1977-ci il təvəllüdlü Azər Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-ci il təvəllüdlü Telman Nuriyev döyülərək bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Qardaşlar bununla bağlı müvafiq strukturlara şikayət ediblər. Oktyabrın 25-də işi araşdıran müstəntiq Tural Hacıyev zərərçəkən şəxslərdən birini - Azər Cəfərovu çağıraraq dindirib. Dindirilmədən dərhal sonra onu şübhəli şəxs kimi saxlayıblar. Azər Cəfərov qardaşı Aslan Cəfərovla birlikdə təqsirləndirilən Cavidan Qorçuyevə qarşı xuliqanlıq etməkdə və qəsdən bədənə az ağır xəsarət yetirməkdə ittiham olunur.
Saxlanılan Azər Cəfərova Cinayət Məcəlləsinin 221.2.3 (xuliqanlıq) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs-qətimkan tədbiri seçilib.
Şikayətçilərin verdiyi məlumata görə, onları döyənlərdən biri beşqat dünya çempionu Ehram Hacıyevdir və o, kikboksinq üzrə milli komandanın məşqçisidir.
.