Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, strukturun və idarəetmənin təkmilləşdirilməsi davam etdirilir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və aidiyyəti üzrə struktur bölmə rəhbərləri təyin edilib.

Belə ki, Sabunçu, Suraxanı və Xətai tibb mərkəzlərinə yeni direktor təyinatları həyata keçirilib.

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Nurəngiz Bəşirova təyin edilib. O, bundan əvvəl Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə Ələkbər Tağıyev təyin edilib. Ə.Tağıyev uzun müddət M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru kimi çalışıb.

M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru vəzifəsinə Aybəniz Saniyeva təyin edilib. A.Saniyeva bu təyinatadək Suraxanı Tibb Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

Eyni zamanda Mərkəzi Neftçilər Xəstəxanası, Bakı Baş Səhiyyə Mərkəzi, Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanasına da aidiyyəti üzrə struktur bölmə rəhbərlərinin təyinatı reallaşıb.

Saleh Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasının direktorunun terapiya işləri üzrə müavini vəzifəsinə təyin edilib ki, o, bundan əvvəl sözügedən xəstəxananın Kardiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun müavini vəzifəsinə Leyla Şərifova təyinat alıb. O, uzun müddət 5 nömrəli Şəhər Poliklinikasının baş həkimi kimi fəaliyyət göstərib.

Sabunçu Tibb Mərkəzinin direktorunun müavini, baş həkim vəzifəsinə Talıb Məmmədov təyin edilib. T.Məmmədov bundan əvvəl Liv Bona Dea Hospitalın Sahələrdə tibbi xidmət şöbəsinin müdiri vəzifəsində işləyib.

Yeni Klinikanın direktorunun müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri vəzifəsinə təyin edilən Eldar Əhmədov Liv Bona Dea Hospitalın baş həkiminin müavini, cərrah-transplantoloq kimi fəaliyyət göstərib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini – baş həkim (Saray modul tipli vərəm əleyhinə xəstəxana üzrə) vəzifəsinə isə Fizuli Cəfərov təyin edilib. F.Cəfərov bundan əvvəl Samux Rayon Mərkəzi Xəstəxanasının həkim-ftiziatrı vəzifəsində çalışıb.

.