Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndə heyəti Azərbaycana mümkün yardım paketinin müzakirə edilməsi məqsədilə Bakıya gəliblər.
Bu barədə Trend-ə hökumətdəki mənbədən bildirilib.
Qeyd edək ki, "Financial Time" qəzeti məlumat yaymışdı ki, söhbət 4 milyard dollarlıq yardım paketindən gedir. Nümayəndə heyəti yanvarın 28-dən fevralın 4-ə qədər ölkəmizdə səfərdə olacaqlar.
Yeri gəlmişkən, virtualaz.org qəzetin yazdıqlarına istinadən xatırladır ki, bu kredit neft qiymətlərinin düşməsi səbəbindən maliyyə yardımının göstərilməsi proqramı seriyasından birinci olacaq. BVF təmsilçisi bildirib ki, nümayəndə heyəti ölkə hakimiyyətinin xahişi ilə «texniki yardım» və «mümkün maliyyə tələbatlarının qiymətləndirilməsi»ni müzakirə edəcək.
Dünya Bankı nümayəndəsi isə söyləyib ki, Azərbaycan hökuməti ilə həmçinin milli valyutaya təzyiqlər və neftin qiymətinin aşağı olması ilə bağlı təxirəsalınmaz və uzunmüddətli tədbirlərin müzakirəsi nəzərdə tutulur. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı nümayəndələrinin də növbəti bir neçə gün ərzində Bakıda səfərdə olacaqları vurğulanır.
«The Financial Times» onu da qeyd edib ki, Azərbaycanın ixracının 95 faizi neft və qazdan asılıdır və milli valyutanın dəyərsizləşməsi ölkə boyunca etirazlar doğurub. O da vurğulanıb ki, Mərkəzi Bank rezervlərinin ötən il kəskin düşməsinə baxmayaraq, ölkənin borcu azdır, suveren sərvət fondu isə oktyabrın əvvəlində 34.7 milyard dollara bərabər idi ki, bu da ÜDM-nin 60 faizindən çoxdur.
Daha bir mənbə də təsdiq edib Bakıyla danışıqlar ilkin mərhələdədir və Azərbaycan hökuməti BVF-nin dəstəyi olmadan da davam etməyə qərar verə bilər.
Qəzet hökumətdən açıqlama ala bilmədiyini də vurğulayıb.
