Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin icraçı direktorunun müavini Masimo Aparonun rəhbərliyi altında beynəlxalq müfəttişlər İrana gəliblər. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi açıqlama verib. O deyib ki, səfərdə məqsəd İranın Cenevrə razılaşmasına uyğun olaraq birgə fəaliyyət proqramını necə həyata keçirəcəyinə nəzarət etmək və bununla bağlı agentliyə hesabat hazırlayıb təqdim etməkdir: "Bu gün icraçı direktorun müavini İran rəsmiləri görüşərək, Cenevrə razılaşmasının icraya yönəlməsi ilə fikir mübadiləsi aparacaq”.
B. Kəmalvəndi beynəlxalq müfəttişlərin M. Aparonun rəhbərliyi altında yanvarın 20-də Cenevrə razılaşması çərçivəsində İranda rəsmi şəkildə fəaliyyətə başlayacaqlarını söyləyib: "Tərəflərin qarşılıqlı öhdəlikləri çərçivəsində "altılıq” ölkələri də həmin gün İrana qarşı tətbiq edilmiş sanksiyaları aradan qaldırmağa başlayacaq. "Altılıq” ölkələri və Avropa ölkələrində Cenevrə razılaşmasının 6 ay içərisində qüvvəyə minməsinin ilk addımları atılacaq”.
Qeyd edək ki, İranla "altılıq” ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq birgə fəaliyyət proqramı yanvarın 20-də icraya yönələcək.
.
