Beyləqan rayonunda icra başçısı Vaqif Abdullayevin iştirakı ilə şok qalmaqal baş verib. Beyləqan rayonundakı mənbəmizdən aldığımız məlumata görə, icra başçısı Vaqif Abdullayevlə icra hakimiyyətinin sabiq şöbə müdiri arasında əvvəlcə mübahisə, sonra isə əlbəyaxa dava baş verib. Hadisəni yaxından izləyən mənbənin yenizaman.az-a söylədiyinə görə, avqustun 25-də, təxminən axşam saat 9-un yarısında icra başçısı Vaqif Abdullayev polis rəisi və prokurorla birlikdə rayonun mərkəzində gəzişirmiş. Bu zaman icra hakimiyyətinin sabiq şöbə müdiri Zakir Əjdər oğlu Mehdiyev də həmin ərazidən keçirmiş. Onu görən Vaqif Abdullayev "Səni işdən çıxardım, küçələrdə qaldın” deyə Zakir Mehdiyevə söz atıb. Zakir Mehdiyev də "küçə uşağı özünsən, tərbiyyən olsun” –deyə qarşılıq verib. Bundan sonra icra başçısı ilə sabiq şöbə müdiri arasında əlbəyağa dava olub. Onları polis rəisi və prokuror güclə bir-birindən ayrıblar. Bundan sonra sabiq şöbə müdiri polis şöbəsinə aparılıb və onun haqqında başqa bir məlumat əldə etmək mümkün deyil. Məlumata görə, icra başçısının sabiq şöbə müdirinə qarşı belə aqressiv münasibəti səbəbsiz deyil. Belə ki, Zakir Mehdiyev işdən qanunsuz çıxarıldığına görə məhkəməyə müraciət edib və avqust ayının 28-də onun şikayəti üzrə məhkəmə iclası olmalıdır. Bu isə icra başçısını bərk narahat etdiyindən, sabiq şöbə müdirini məhkəməyə qədər zərərsizləşdirmək qərarı verilib. Çox maraqlıdır ki, Beyləqan rayon İcra Hakimiyyətinin rəsmi saytında (http://www.beyleqan-ih.gov.az/page/21.html ) Mehdiyev Zakir Əjdər oğlu hüquq şöbəinin müdiri kimi olaraq göstərilir.
Qeyd edək ki, son zamanlar ölkə mediasında Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin korrupsiya əməlləri haqqıda çox saylı məlumatlar yayılır. Görünür, icra başçısının əsəblərinin dözməməsinin bir səbəbi də budur.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
.
