Dünən NİDA Vətəndaş Hərəkatının həbsdə olan tanınmış simaları ölkə prezidenti İlham Əliyevə əfv müraciəti ünvanladılar. Bununla bağlı hərəkat hər hansı bir məlumatlarının olmamasını bildirsə də, ictimaiyyətdən reaksiyalar var. Yenizaman.az xəbər verir ki, belə bir reaksiyadan birini də gənc siyasi fəal Bəxtiyar Hacıyev bildirib. O, öz Facebook səhifəsində münasibətini belə açıqlayıb:
Bakıya indicə çatdım. NİDA gənclərinin prezidentə müraciətini oxudum.
1) Düz edib yazıblar. Hətta bir az gecikiblər. Onların həbsdə daha artıq qalması nə cəmiyyətə, nə ailələrinə, nə də xalqa əlavə bir xeyir vermirdi, əksinə, bir xeyli resursu məşğul edirdi.
2) Onları qınamağa çalışanlar bir dəfə düşünsünlər ki, Penitensiar Xidmətin avtomobillərində daşınanda kiçik pəncərədən şəhərə baxırlar və insanların öz həyatlarını necə davam etdirdiklərini görürlər. Həbsdə olmadan onları qınamağa heç kimin mənəvi haqqı yoxdur.
3) Onlar xeyli gözlədilər. Biz onları azadlığa çıxara bilmədik. Etiraf edək ki, arada 1-2 status yazmaqdan, məhkəməyə getməkdən, ailələrinə dəstək olmaqdan başqa böyük bir iş görə bilmədik, əksinə, hamımız öz həyatımızı yaşadıq, toyda, partidə əyləndik. Azadlıqda yaşamaq onların da haqqıdır, özü də həyatlarının ən gözəl vaxtlarında.
4) Bənzər, hətta bir xeyli daha korrekt mətnlə mən də prezidentə müraciət edib azadlığa çıxmışdım. Maraqlıdır ki, o zaman məni qınamağa çalışanların əksəriyyəti NİDA-dan idi. O vaxt demişdim ki, insanları qınamaq asandır, anlamaq çətin, anlamağa çalışın. İndi yenə eyni sözləri deyirəm, insan itirmək asandır, qazanmaq çətin. İnsan qazanmağa çalışmaq lazımdır. İnsanları danlamaq asandır, anlamaq çətin. İnsanları anlamağa çalışmalıyıq.
5) Tezliklə dostları azadlıqda görəcəyimə inanıram.
.