"Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında gündəmə gələn iqtisadi və ticarət əməkdaşlıq razılaşmasına bağlı müzakirələrə bir an əvvəl başlamaq lazım olduğunu düşünürəm".
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Bəşir Atalay deyib. O bildirib ki, sözügedən razılaşmanın ticarət həcmi 15 milyard dollardır: "Hədəfimiz qısa zamanda istəyimizə çatmaqdır. İqtisadi əməkdaşlığımızın qardaş iki ölkəyə yaraşar bir səviyyəyə gəlməsinin önəmli olacağını düşünürəm", - deyə Bəşir Atalay söyləyib.
Atalay 2023-cü ildə Türkiyənin 100 illiyini qeyd edəcəyini və o müddətə kimi 500 milyard dollar ixrac etməyi hədəflədiklərini deyib. Baş nazirin müavini qeyd edib ki, bu hədəflərə çatmaq üçün Azərbaycan da bizə köməklik edəcək:
"Azərbaycanlı qardaşlarımızla ticarət həcmimizi 15 milyard dollarlara çıxartmaq istəyirik. Bu hər iki ölkənin başçılarının birgə qarşıya qoyduqları hədəfdir. Azərbaycan ilə Türkiyə arasında təxminən 4,6 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur. Bu rəqəm 2012-ci ilə görə təxminən 10 % artıb. Ancaq hədəflədiyimiz 15 milyard dollara çatmaq üçün daha sürətli məsafə qət etməliyik. Bu gün Türkiyənin Azərbaycanda başda enerji, telekommunikasiya və bank sahələrində olmaq üzrə təxminən 7 milyard dollar investisiyası var".
Bəşir Atalay Azərbaycanın reallaşdırdığı layihələrin Avropanın enerji tədarükü baxımından böyük əhəmiyyət kəsb etdiyi deyib. O bildirib ki, biz bu layihələrlə qitələr arası enerji körpüləri qururuq.
Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında 7-ci dəfə keçirilən iclas Türkiyə baş nazirinin müavini Bəşir Atalay və Komissiyanın həmsədri Azərbaycan baş nazirinin müavini Abid Şərifovun iştirakı ilə baş tutub.
.